Latviyada Novruz münasibətilə tədbir baş tutub

   Latviyada Novruz münasibətilə tədbir baş tutub
  15 Mart 2024    Oxunub:568
Riqa şəhərində Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın Latviyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.
Azərbaycanın Latviyadakı səfirliyindən AzVision.az -a bildirilib ki, tədbir Latviyanın əhəmiyyətli memarlıq abidələrindən biri olan və tanınmış mədəniyyət ocaqlarından sayılan Riqa Bourse İncəsənət Muzeyində təşkil olunub.

Səfir Elnur Sultanov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. O, ortaq kökləri olan və Türkdilli ölkələr ailəsini təmsil edən səfirliklərin birgə qeyd etdiyi Novruz şənliyinin Türk dünyası ilə Latviya arasında mədəni körpü rolunu oynadığını bildirib.

Diplomat Novruz bayramının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edildiyini və bu bayramın Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünü və milli kimliyini təcəssüm etdirdiyini diqqətə çatdırıb.

Elnur Sultanov builki Novruzun gəlişinin ötən il ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində qeyd olunmasını xalqımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Qazaxıstanın Latviyadakı səfiri Dauren Karipov, Türkiyənin səfiri Şule Öztunç və Özbəkistanın müvəqqəti işlər vəkili Akrom Xodjayev çıxış edərək Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

Tədbir bədii hissə ilə davam edib.

AzVision.az


Teqlər: Latviya   səfirlik   Novruz   tədbir  





Xəbər lenti