Fransa ötən ilin yayında Kiyevə qoşun göndərmək istəyib - “Le Monde”

   Fransa ötən ilin yayında Kiyevə qoşun göndərmək istəyib    - “Le Monde”
  14 Mart 2024    Oxunub:920
Fransa 2023-cü ilin yayında Ukraynaya qoşun göndərmək imkanlarını nəzərdən keçirməyə başlayıb.
Bu fikirlər “Le Monde”də dərc olunan məqalədəndir. Müəllif qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron iyunun 1-də Bratislavada keçirilən "Globsec" sammiti zamanı Ukraynanın NATO-ya qəbul edilməsi və Avropa İttifaqı(Aİ) genişlənməsi prosesinin sürətləndirilməsinin lehinə çıxış edib.

Makronun açıqlamaları Kiyevin durumunu daha da pisləşdirdi - "Politico"
Həmin vaxt Ukrayna və müttəfiqləri ümid edirdilər ki, Kiyevin əks-hücum əməliyyatları rus qoşunlarının bir hissəsini geri çəkməyə vadar edəcək. Lakin Ukrayna Silahlı Qüvvələri “Rusiya müdafiəsi qarşısında çökdü”.

Bundan sonra Fransa hakimiyyəti son dərəcə məxfilik şəraitində quru qoşunlarının göndərilməsi imkanlarını araşdrımağa başladı. "Le Monde" yazır ki, 12 iyun 2023-cü ildə Yelisey sarayında təhlükəsizlik şurasının bu mövzu ətrafında olan toplantısında da müzakirələr aparılıb.

Emmanuel Makron isə daha çox Ukrayna ordusunun zəif olmasından narahatdır.O, fevralın 21-də yaxın ətrafı ilə dar çərçivədə olan görüşündə bunları deyib: "Hər halda, bu il uşaqları (hərbçilər-red.) Odessaya göndərməli olacağam."

Bundan beş gün sonra isə Makron Aİ-nin Rusiyaya güclü zərbələr endirmək üçün koalisiya yaratmağa razılaşdığını açıqladı. O, Ukraynaya dair təşkil olunmuş Paris konfransı zamanı deyib ki, Qərb liderləri Ukraynaya qoşun yeritmək imkanını artıq müzakirə ediblər. Lakin hələlik konsensus əldə olunmayıb.

Toplantı iştirakçıları arasında Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Hollandiyanın baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin rəhbərləri olub.

Rusiya prezidenti Vladimir Putin isə fransalı həmkarının bəyanatlarına sərt reaksiya göstərib. O, Federal Məclisə müraciətində Makronun "Ukraynaya Qərb qoşunları göndərilə bilər" bəyanatına tarixi yada salmaqla cavab verib: "Qərbdə NATO hərbi kontingentinin Ukraynaya göndərilməsi imkanından danışırlar. Vaxtilə öz kontingentini bizim ərazilərə göndərənlərin taleyini xatırlayırıq. Amma indi mümkün müdaxilələrin nəticələri daha faciəli olacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Fransa   Makron  





Xəbər lenti