Ermənistan KTMT-dən çıxır? - İrəvan tarix açıqlamır

   Ermənistan KTMT-dən çıxır? -    İrəvan tarix açıqlamır
  12 Mart 2024    Oxunub:1650
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, mətbuat konfransında KTMT-nin öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə İrəvanın qurumu tərk edəcəyəcini söyləyib.

"Əgər KTMT Ermənistanda təşkilatın məsuliyyət zonasının harada olması sualına cavab versə və bu sual bizim baxışımıza uyğun olsa, o zaman aramızdakı anlaşılmazlığın həll olunacağı qənaətinə gələcəyik. Əks halda, Ermənistan KTMT-dən çıxacaq. Nə vaxt? Bunu deyə bilmərəm", - baş nazir qeyd edib.

KTMT qalmaqalı böyüyür - "Atəş açmayan silah" İrəvanı vuracaqmı?
İrəvan rəhbəri həmçinin xatırladıb ki, ölkəsi KTMT-də iştirakını dondurub və rəsmilər təşkil olunan görüşlərə belə qatılmır.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında ölkəsinin "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanladığını demişdi. O, həmçinin KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb.

Ermənistan rəhbərliyi dəfələrlə KTMT və Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Hələ 2022-ci ilin sentyabrın ortalarında İrəvanda Ermənistanın KTMT-dən çıxması və yeni hərbi müttəfiqlərlə əlaqə qurulması tələbi ilə mitinq keçirilmişdi. Etirazlara səbəb sentyabrın 12-dən 14-nə qədər İrəvanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar olmuşdu. Sentyabr döyüşləri adlanan bu toqquşmalardan sonra İrəvan Ermənistan ərazisinə hərbi kontingent göndərilməsini tələb etdi. KTMT isə Azərbaycanla sərhədə hərbçilər yerləşdirmək ideyasına müsbət reaksiya vermədi.

Paşinyan hakimiyyəti bundan sonra Rusiya ilə münasibətləri daha da gərginləşdirdi. İş o yerə çatdı ki, İrəvan rəsmiləri Ermənistanın KTMT-dən çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyurdular.

Nəinki Paşinyan, parlamentin spikeri Alen Simonyan da açıqlamalar verərək bir neçə dəfə “ola bilsin ki, KTMT Ermənistanı tərk etsin” fikrini təkrarladı.

Hətta rusiyalı ekspertlər belə Ermənistanın KTMT-dən çıxacağını proqnozlaşdırırdılar.

KTMT-dən uzaqlaşmaqla bağlı məsələlər Nikol Paşinyanın ötən ay “France 24” telekanalına müsahibəsindən sonra pik həddə çatdı. O, KTMT əleyhinə sərt açıqlamalar verdi. İrəvan rəhbəri ölkəsinin təşkilatda iştirakını faktiki olaraq dondurduğunu bəyan etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   KTMT   Paşinyan   İrəvan   Rusiya  





Xəbər lenti