Ermənistan Aİ-yə qoşulur: Müzakirələr başlayıb

  Ermənistan Aİ-yə qoşulur:  Müzakirələr başlayıb
  09 Mart 2024    Oxunub:1703
(Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Josep Borrel və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan)

Ermənistanın Avropa İttifaqına (Aİ), habelə NATO-ya qoşulma ideyası ilə bağlı müzakirələr aparılır.
AzVision.az bildirir ki, bu barədə Türkiyə mediasına müsahibə verən Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib.

"İrəvanın son 3-4 ildə üzləşdiyi çağırışları nəzərə alaraq, ölkədə yeni imkanlar fəal şəkildə nəzərdən keçirilir. Sirr deyil ki, Aİ-yə üzvlük ideyası da bu siyahıdadır. Bu məhz xalqımızın istəyidir. Hazırda belə bir prosesin içindəyik. Nəticəsi barədə bir söz demək hələ çətindir", - o söyləyib.
Müəmmalı fövqəlgüc: İrəvan yeni qəyyum axtarışında

O həmçinin Ermənistanın ABŞ və Fransa ilə əməkdaşlığı üçün yeni imkanlar yarandığını, habelə İrəvanın Avropa İttifaqı ilə çoxcəhətli tərəfdaşlıq haqqında saziş imzaladığını xatırladıb. Bildirib ki, Aİ Ermənistan-Azərbaycan sərhədindəki müşahidəçi missiyası timsalında ilk dəfə regional təhlükəsizlik məsələlərinə qarışır. Maraqlıdır ki, Mirzoyan bu məqamı ölkəsinin Aİ ilə əməkdaşlıq potensialı kimi görür.

Ötən ay Ermənistan parlamentinin spikeri Alen Simonyan da diqqətə çatdırmışdı ki, "İrəvan Aİ ilə münasibətləri ittifaq qoşulanacan dərinləşdirməyə hazırdır".

Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək, Avropa İttifaqının, əslində, Ermənistanda "sabitliyin təminatı" ilə yox, Brüsselin maraqları naminə kəşfiyyat monitorinqi ilə məşğul olduğunu və beləliklə, regionda vəziyyəti qızışdırdığını vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan     Avropa   ABŞ  





Xəbər lenti