Nazir: "Türkiyə ilə Azərbaycan arasında bənzərsiz münasibətlər mövcuddur"

  Nazir:  "Türkiyə ilə Azərbaycan arasında bənzərsiz münasibətlər mövcuddur"
  02 Mart 2024    Oxunub:1402
"Dövlətlərarası münasibətlər baxımından Azərbaycan Respublikasının prioriteti bütün xarici dövlətlərlə qarşılıqlı hörmət əsasında münasibətlərin qurulması, dostluq, bir-birinin işinə qarışmama prinsipindən çıxış edərək əlverişli münasibətlərinin yaradılmasıdır. Ancaq hər bir dövlət üçün olduğu kimi, təbii ki, Azərbaycan üçün də bütün - 200-ə yaxın dünya dövləti ilə eyni səviyyədə və müstəvidə münasibət qurmaq mümkün deyil. Hər bir dövlət üçün ona daha yaxın dövlət var ki, onlarla münasibətlər daha üst səviyyədə olur, daha geniş əlaqələr mövcuddur. Bəzi ölkələrlə müəyyən sahələrdə əməkdaşlıq həyata keçirilir, digər dövlətlərlə isə normal münasibətlər davam edir".
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində mətbuata açıqlamasında bildirib.

Türkiyə-Azərbaycan münasibətlərinə toxunan nazir bu münasibətlərin hər bir sahədə yüksək səviyyədə olduğunu və artan dinamika ilə davam etdiyini deyib.

Bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dünyada bənzəri yoxdur:

"Biz buna keçmişimizdə də, yaxın tariximizdə də çox konkret addımlar və inkişaflarla şahidi olduq. Bu gün isə daha geniş Türk coğrafiyasında, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında daha da artan, bütün sahələri əhatə edən əməkdaşlığın yeni üfüqlərinin şahidiyik".

Forum çərçivəsində bir çox iştirakçı ölkələrin nümayəndələri ilə görüşlərin keçirildiyini qeyd edən nazir hər bir görüşdə həm ölkəmiz, həm də qarşı dövlətlər və xalqlar üçün önəmli layihələrin müzakirə olunduğunu bildirib.

AzVision.az


Teqlər: XİN   Türkiyə   forum   açıqlama  





Xəbər lenti