Paşinyanın partiyası rus sərhədçilərin Zvarnotsdan çıxarılmasını müzakirə edir

   Paşinyanın partiyası rus sərhədçilərin    Zvarnotsdan çıxarılmasını müzakirə edir
  01 Mart 2024    Oxunub:942
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanında xidmətinin dayandırılmasının mümkünlüyünü müzakirə edib.
AzVision.az xəbər verir ki, bunu parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovannisyan brifinqdə deyib.

İrəvan rus sərhədçilərini Zvarnotsdan çıxarır?
"Bu, cəmiyyətimizin əksər hissəsi kimi bizi də narahat edir və məsələ siyasi komandamızın gündəmindədir, müzakirələr gedir", - Hovannisyan qeyd edib.

O əlavə edib ki, ictimai narahatlıq İrəvan hava limanında Rusiya sərhədçilərinin sayı ilə bağlı deyil, ümumilikdə onların Zvbarnotsda mövcudluğuna görədir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan fevralın 27-də diqqət çəkən açıqlamalar vermişdi. O, Rusiya sərhədçilərinin paytaxtdakı hava limanını tərk etməli olduğunu söyləyib. Simonyan qeyd edib ki, ermənilər özləri sərhədləri qoruyacaqlar.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova spikerin bəyanatına tənqidi yanaşıb. O, cavab olaraq deyib ki, "Ermənistan bizdən rus sərhədçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılmasını tələb etməyib".

Rusiya rəsmisi qeyd edib ki, Moskva Alen Simonyanın fikirlərinə mənfi yanaşıb: "Biz bunu rəsmi İrəvanı təmsil edən nümayəndənin qeyri-dost davranışının növbəti nümunəsi kimi qiymətləndiririk".

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd bölmələri 30 sentyabr 1992-ci il tarixli müqaviləyə əsasən fəaliyyət göstərir. Onlar Türkiyə və İranla sərhədlərin mühafizəsini həyata keçirirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   Sərhəd  





Xəbər lenti