Rusiya benzin ixracına qadağa qoydu: Ölkəmizə təsiri varmı?

   Rusiya benzin ixracına qadağa qoydu:    Ölkəmizə təsiri varmı?
  01 Mart 2024    Oxunub:1333
Rusiya hökuməti bu gündən etibarən yerli tələbatın artması səbəbi ilə benzinin ixracına altı aylıq (avqustun 31-dək) müvəqqəti qadağa qoyub, habelə əmtəə birjasında dizelin satışının minimum həcmini 12,5%-dən 16%-ə artırıb. Qərar Baş nazir Mixail Mişustin tərəfindən təsdiqlənib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib.

Son aylar neft emalı müəssisələrinə (o cümlədən "Lukoyl"un Nijni Novqoroddakı neft emalı zavoduna) Ukrayna PUA-larının hücumları fonunda qoyulan qadağa daxili bazarda benzin qıtlığının və bahalaşmanın qarşısını almaq, habelə zavodlarda təmir-bərpa işləri aparmaq üçün şərait yaratmaq məqsədi daşıyır. Yeri gəlmişkən, Moskva enerji infrastrukturuna dəymiş ağır ziyana görə keçən ay Müstəqil Dövlətlər Birliyinə (MDB) qeyri-üzv ölkələrə benzin ixracını azaldıb.

("Lukoyl" şirkətinin Nijni Novqoroddakı neft emalı zavodu)

Qadağa ilə bağlı ilk məlumatı "РБК" nəşri yayıb: Baş nazirin müavini Aleksandr Novakın 21 fevral tarixli məktubunda ixracın məhdudlaşdırılması ilə bağlı təklif irəli sürdüyünü diqqətə çatdırıb.

"Yaxın vaxtlarda yanacağa mövsümi tələbat artacağı üçün daxili bazarda qiymətlərin sabitləşməsi istiqamətində tədbirlər görülməlidir", – nəşr Novakdan sitat gətirib.

(Rusiya Baş nazirinin müavini, keçmiş energetika naziri Aleksandr Novak)

Sözügedən qadağa Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə (Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan), habelə Monqolustan, Özbəkistan, eləcə də Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinə şamil edilməyəcək.

Rusiya daxili bazarda vəziyyəti tarazlamaq məqsədilə ötən il də sentyabrdan noyabradək yanacaq ixracına qadağa qoymuşdu. Həmin qadağa da Qazaxıstan, Ermənistan və Qırğızıstana aid edilməmişdi. Hərçənd ölkədə qarşıdan gələn prezident seçkiləri və Kremlin yanacağın bahalaşmasını cilovlamaq istəyi fonunda hazırkı qadağa daha uzun çəkəcək.

Rusiya dünya üzrə ikinci ən böyük neft ixracatçısı kimi 2023-cü ildə 43,9 milyon ton benzin istehsal edib ki, onun təqribən 5,76 milyon tonu ixrac edilib. Göstərilən dövrdə ölkədəki başlıca benzin istehsalçıları "Gazprom Neft"in Omsk, "Lukoyl"un Nijni Novqorod və "Rosneft"in Ryazan şəhərlərində yerləşən emal zavodlarıdır. Rusiya benzininin ən böyük idxalçıları isə əsasən Afrika ölkələri, o cümlədən Nigeriya, Liviya və Tunis, eləcə də Çin və Birləşmiş Ərəb Əmirlikləridir.

("Gazprom Neft" şirkətinin Omsk şəhərində neft emalı zavodu)

Rus benzininin qiyməti ilə bağlı Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasının (SPIMEX) son göstəricilərinə əsasən, 92 oktanlı benzin yanvarın 1-dən etibarən 22%, 95 oktanlı benzin isə 32% bahalaşıb. İxrac qadağasının elanından sonra 92 oktanlı benzinin qiymətində 3,3% azalma baş verib.

Neft, neft məhsulları və qaz ixracı Rusiyanın ixracatında ən böyük paya malikdir. Bu sektor həmçinin ölkənin 1,9 trilyon dollarlıq iqtisadiyyatı üçün əsas xarici valyuta mənbəyidir və Moskvanı qlobal enerji siyasətinin aparıcı qüvvələrindən birinə çevirir. Kreml yanacaq qiymətlərini stabil saxlamaq istiqamətində Səudiyyə Ərəbistanı (dünyanın ən böyük neft ixracatçısı) ilə əməkdaşlıq aparır. Eyni zamanda, OPEC+ səyləri çərçivəsində qiymətləri dəstəkləmək məqsədilə cari ilin birinci rübündə neft və yanacaq ixracını gündəlik 500 min barel həcmində azaldıb.

Şimal qonşumuzun benzin ixracına qadağasının ölkəmizə bu, ya digər təsirinə gəlincə, ekspertlər əsasən nikbin açıqlama verirlər. Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanın benzin idxalının Rusiya ilə məhdudlaşmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ümumi benzin idxalında Rusiya benzininin payı 47%-dir.

(Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban)

"Azərbaycan bir çox ölkədən: Belarus, Rumıniya, Yunanıstan, hətta Gürcüstandan da benzin idxal edir. Hətta, kiçik həcmdə Bolqarıstandan da benzin idxal etmişik. Ona görə Azərbaycan üçün Rusiyada benzin ixracı qadağasının hansısa problemi yoxdur. Digər tərəfdən, cari ildə ötən illə müqayisədə daha az həcmdə yüksək oktanlı benzin idxalı baş verməlidir. Məlumatlara görə, ilin dördüncü rübü, hətta sentyabr ayı üçün artıq Azərbaycan yüksək oktanlı benzin istehsalını özü həyata keçirəcək", - ekspert vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   benzin   ixrac   qadağa   Azərbaycan  





Xəbər lenti