"Prezident dedi ki, gedək Xankəndini gəzək" - Xocalı səfərinin maraqlı anları

   "Prezident dedi ki, gedək Xankəndini gəzək" -  Xocalı səfərinin maraqlı anları
  27 Fevral 2024    Oxunub:1092
“Prezident Xankəndini ziyarət etmək istədiyimizi biləndə dedi ki, o da bizimlə birgə gedəcək. Yolboyu ona dağıdılmış evlərin yerini göstərdik”.
AzVision.az xəbər verir ki, bunu ötən gün Xocalıda prezident İlham Əliyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edən Yusif Allahverdiyev deyib. Azərbaycan Dillər Universitetində ”German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası”nın baş müəllimi olan Yusif bəy 32 ildən sonra doğulduğu Xocalıya səfərindən danışıb.
Prezident Xocalıda soyqırım memorialının təməlini qoyub, Xankəndi şəhərində olub - YENİLƏNİB-2


- Fevralın 25-i Bakıdan yola düşdük və ruhlar şəhəri olan Ağdamda hoteldə gecələdik. Çox həyəcanlı idim. 32 il yarım idi ki, Xocalını görmürdüm. 1991-ci ilin sentyabrından sonra
Xocalıya gedib gəlmək mümkün deyildi. Həmin ilin dekabr ayında da getmişdim, amma rayona girə bilməmişdim. İki ay sonra isə faciə baş vermişdi. Atam Xocalıda şəhid olub. 1941-1945-ci illərin müharibəsində ölüm düşərgəsində olmuşdu. Faşistlərin öldürmədiyi atamı 83 yaşında ermənilər öldürdü...



Prezident birbaşa Bakıdan gəlib Xocalı soyqırımı memorialının təməlinin qoyulduğu yerdə bizimlə görüşdü.Təsiredici çıxış etdi. Onda bir daha şahidi oldum ki, İlham Əliyev xocalıları necə çox istəyir, hallarına yanır.

Açılışdan öncə bir qrup xocalılı icra nümayəndələrinə bildirdik ki, Xocalıdan sonra Xankəndini də ziyarət etmək istəyirik. Dedilər, prezident gəlsin, sonra dəqiqləşdiriləcək. İlham Əliyev Xankəndiyə getmək istədiyimizi biləndə soruşdu: ”Hamınız getmək istəyirsiniz?”. Dedik, bəli. Dedi:”O zaman mən də sizinlə gedəcəyəm. Gedək birgə Xankəndini gəzək, sonra mən qayıdaram, siz istədiyiniz yerə gedərsiniz”.

Beləliklə, prezidentin də olduğu avtobusla Xankəndiyə getdik. Xocalıdan olan deputatımız Elman Məmmədov prezidentlə söhbət edib ona məlumatlar verirdi. Avtobusdan düşəndən sonra xeyli piyada gəzdik. Dağılmış evlərin yanından keçdik. Prezident bizə Xankəndindəki abidələrin müəlliflərinin kim olmasından, binaların kimə məxsus olmasından danışırdı.


Xocalı indi 3 hissədən ibarətdir, hər hissənin arasında qəbirstanlıq var. Bir məsələni də qeyd edim ki, Xocalı aeroportunu genişləndirmək üçün ermənilər 150-yə yaxın evi dağıdıblar. Mənim evim də onların içərisində idi. Bu barədə prezidentə də danışdıq, O, dəhşətə gəldi, dedi, burada evlər olub?! Çünki ətraf ancaq torpaq idi.

Soyqırım abidəsi, Xocalıda daha sonra salınacaq xiyaban faciəni, yaşanan hadisələri unutmağa qoymayacaq.

Qeyd edək ki, Yusif müəllim hələ 2017-ci ildə saytımızın Alman dili bölməsinə müsahibəsində bildirmişdi ki, bir gün mütləq Xocalıya qayıdacağına inanır. O, 32 il ərzində bir dəfə də olsun ümidini itirmədi və Xocalıya yenidən qayıtmaq qismətinə yazıldı.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti