Həmyerlimizin nəşi Almaniyada niyə yandırılıb? - Ailəsi külünü istəyir

 Həmyerlimizin nəşi Almaniyada niyə yandırılıb? -  Ailəsi külünü istəyir
  27 Fevral 2024    Oxunub:1774
Almaniyada vəfat edən həmyerlimizin meyiti yandırılıb. Bu barədə məlumatı saytımıza həmin ölkədə yaşayan azərbaycanlı jurnalist Yeganə Əmiraslanova verib. O bildirib ki, kremasiya olunan şəxs Allahverdizadə İlham İsmayıl oğludur. 1977-ci ildə doğulan İlham Cəbrayıl sakindir və 2014-cü ildə Almaniyada yaşayırdı. Jurnalistin dediyinə görə, İlhamın Almaniyada müvəqqəti yaşama icazəsi olmayıb və o, qaçqın kimi məskunlaşıb.
İlhamın bacısı Məryəm Allahverdiyeva ilə də əlaqə saxladıq. Qeyd etdi ki, sonuncu dəfə qardaşı ilə yanvarın 9-da danışıb.

“Həm böyrəklərində, həm də ürəyində problem var idi. Məlumata görə, yanvarın 11-i infarkt keçirib və dünyasını dəyişib.Tək yaşadığına görə ölümündən çox gec xəbər tutulub.

Əmim və ailəsi Almaniyanın digər şəhərində yaşayırlar. Qardaşımın vəfat xəbərini onlar bizə çatdırdılar. Təəssüf ki, əmimgil də onun ölümündən meyiti yandırılandan sonra xəbər tutublar”.

Yeganə Əmiraslanovanın sözlərinə görə, İlhamın meyiti evdən şəhər bələdiyyəsi xəbər tutandan sonra çıxarılıb:

“Almaniyada belə bir qayda var, əgər 10 gün ərzində cənazənin sahibi, yaxınları tapılmırsa, onu yandırırlar. Qohumlar bixəbər olduğundan meyit yiyəsiz qalıb və 10 günlük gözləmə müddəti bitdiyindən yandırılıb. İndi ailəsi oğlunun külünün Azərbaycana göndərilməsini istəyir. Bu isə müəyyən vaxt və prosedurlar tələb edir. Sənədlər toplanılmalıdır.

Meyitin külünün göndərilməsi üçün bu işlə məşğul olan şirkətlə əlaqə saxladım, onlar 2 min avro tələb etdilər. Ailənin isə buna imkanı yoxdur”.

M. Allahverdiyeva deyir ki, bu işlə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər.

“Komitə bizdən qardaşımın sənədlərini istəyir, toplayırıq. Görək necə olacaq. Bu hadisə bizə çox pis təsir edib. Bir müsəlmanın meyitinin yandırılmasını qəbul edə bilmirik”.

N. Əmiraslanova deyir ki, İlham evli olmayıb. Almaniyda qeyri -rəsmi nikahda bir rus qadını ilə yaşayırmış. Həmin qadın xərçəng xəstəsidir və xəstəxanada müalicə alır. Onlar bir il bundan öncə ayrılıblarmış.

Jurnalist əlavə edir ki, bundan əvvəl də azərbaycanlıların sahibsiz cənazələri olub, Diasporla İş üzrə Dövlət Komitəsi yol xərcini çəkərək onları Azərbaycana göndərib.

"Mən xərçəng xəstəliyinin 3-cü və 4-cü dərəcəsindən əziyyət çəkənlərin yaxınlarına müraciət edirəm. Ağır vəziyyətdə olan xəstələrinizi Almaniyaya göndərməyin. Çünki burada o xəstələri çox ağır son gözləyir. Almaniya səhiyyəsinin sehirli çubuğu yoxdur ki, toxunan kimi sağalsın. Xəstəxanaya müraciət edən kimi müalicəyə başlamırlar, insanlara növbə əsasında xidmət göstərirlər. Bu da çox zaman alır və xəstəlik ağırlaşır, nəticədə ölümlə üz-üzə qalırlar".


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti