Azərbaycanda çoxuşaqlı ailə modelinə yenidən baxılması təklif edilir

   Azərbaycanda çoxuşaqlı ailə modelinə yenidən baxılması təklif edilir
  27 Fevral 2024    Oxunub:602
Azərbaycanda çoxuşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çox uşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailələrin daha yaxından dəstəklənməsi təqdirəlayiqdir. Azərbaycan təbii artıma malik olan ölkələrdən olsa da belə təşviqedici metodlar ilə bu tendensiyanın qorunub saxlanması çox vacibdir.

"Bununla yanaşı, çoxuşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədə uyğundur. Belə ki, keçmiş ittifaq dağılandan sonra çox uşaqlı ailələrin sayında kəskin azalmalar müşahidə edilməkdədir. Bu isə "çoxuşaqlı ailə" anlayışına yenidən baxılmasını zəruri edir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sonuncu siyahıya almada 2 milyon 293 min ailə qeydiyyatdan keçib. 1 milyon 347 min ailədə isə 18 yaşadək uşaqlar var. Say baxımdan 2 uşaqlı ailələr üstünlük təşkil edir: 557 min ailə.

6 və daha çox uşağı olan ailələrin sayı isə 16 min 169-dır. 9 332 ailədə altı, 3 565 ailədə yeddi, 1 748 ailədə səkkiz, 1 524 ailədə isə doqquz və daha çox uşaq var. Göründüyü kimi, 6 və daha çox uşağı olan ailələrin sayı ölkə üzrə ümumi ailələrin sayı ilə müqayisədə xeyili azdır".

Deputat qeyd edib ki, bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsi baş verərsə, bu, daha çox ailəni əhatə edə bilər.

" Hazırda 110 min ailədə 4 və daha çox uşaq var. Bu isə o deməkdir ki, çoxuşaqlı ailə anlayışına yeni yanaşma olduğu halda 110 min ailə bu növ müavinətdən faydalana bilər. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsinin maliyyə yükünün hesablanması və buna uyğun qərarın verilməsi məqsədəuyğun olardı".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti