İsrail və Səudiyyənin iqtisadiyyat nazirləri görüşüblər

   İsrail və Səudiyyənin iqtisadiyyat nazirləri görüşüblər
  26 Fevral 2024    Oxunub:683
İsrailin iqtisadiyyat naziri Nir Barkat və səudiyyəli həmkarı, ticarət naziri Məcid bin Abdulla Əl-Qəsəbi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) BƏƏ-də baş tutan konfransı çərçivəsində görüş keçiriblər.
AzVision.az xəbər verir ki, ÜTT təşkilatına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 13-cü konfransı bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə başlayıb.

İsrail və Səudiyyə Ərəbistanı arasında rəsmi münasibətlərin dayandırıldığı bir vaxtda nazirlərin görüşü maraq doğurur.

Nir Bakrat konfransda çıxışı zamanı ölkələr arasında birliyin əhəmiyyətini diqqətə çatdırıb.

"İsrail dövləti sülh istəyən ölkələrlə ortaq məxrəcə gəlməyə maraqlıdır. Biz birlikdə tarix yaza bilərik", - o, səudiyyəli həmkarına deyib.

Yeri gəlmişkən, bu görüş Beynəlxalq Ədalət Məhkəməsində münaqişə ilə bağlı dinləmələrdə Səudiyyə Ərəbistanının Niderlanddakı səfiri Ziyad Əl-Ətiyyənin İsraili "fələstinlilərə qarşı əsas beynəlxalq öhdəliklərini kobud şəkildə pozmaq və sülhdən yayınmaqda" günahlandırması fonunda baş verib.

(Səudiyyə Ərəbistanının Niderlanddakı səfiri Ziyad Əl-Ətiyyə Haaqada, Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələrində)

İsrail-HƏMAS müharibəsindən qabaq Səudiyyə Ərəbistanı bildirmişdi ki, ABŞ-nin müdafiə paktı və mülki nüvə proqramı müqabilində İsraillə münasibətləri normallaşdırmağa hazırdır. Hərçənd regionda münaqişə ocağının yaranması nəticəsində, ABŞ-nin vasitəçiliyinə baxmayaraq, Səudiyyə rəsmiləri bu qərardan daşındılar.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Səudiyyə-Ərəbistanı   nazirlər   görüş   ÜTT  





Xəbər lenti