Britaniya-Azərbaycan Ticarət Palatasında COP29-a həsr olunan tədbir keçirilib - FOTOLAR

   Britaniya-Azərbaycan Ticarət Palatasında COP29-a həsr olunan tədbir keçirilib -    FOTOLAR
  24 Fevral 2024    Oxunub:1364
Londonda Britaniya-Azərbaycan Ticarət Palatasının COP29-a həsr olunmuş tədbiri keçirilib.
Bu barədə AzVision.az -a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.

Tədbirdə Britaniya Baş nazirinin Azərbaycan üzrə Ticarət Elçisi Baronessa Nikolson, Britaniyada COP və iqlim sahəsində ixtisaslaşmış biznes nümayəndələri, Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin əməkdaşları, Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova, AZPROMO və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri, BP şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-Prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətləri, akademik dairələr və media nümayəndələri olmaqla yüzdə çox qonaq iştirak edib.

Qonaqları salamlayan Britaniya-Azərbaycan Ticarət Palatasının həmsədri Con Patterson PalatanınLondonda keçirilən növbəti tədbirinin məhz COP29-a həsr olunmasını Britaniya tərəfinin iqlim məsələlərinəverdiyi əhəmiyyət və COP29-un iki ölkə arasındadaha da geniş perspektivlər açmasıyla izah edib.

Açılış nitqiylə çıxış edən Britaniya Baş nazirininAzərbaycan üzrə Ticarət Elçisi Baronessa Nikolson Azərbaycanla Britaniya arasında bütün sahələrdə dostluq və əməkdaşlığın mövcudluğuna toxunub, ölkəsinin COP29-un uğurla keçirilməsinə lazımi bütün dəstəyi verməyə hazır olduğunu bildirib.

O, Azərbaycanın yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsindən bəhs edərək COP29-un da yüksək səviyyədə təşkil ediləcəyindən əminlik ifadə edib. Tədbirin ilk hissəsində Britaniyadan olan ekspertlər COP-un müxtəlif aspektlərinə dair təqdimatlar edib, Britaniyanın prosesə baxışını izah edib. Çıxış edənlər yekdilliklə vurğulayıb ki, iqlim fəaliyyəti sahəsində əməkdaşlıq Azərbaycan-Britaniya münasibətləri üçünyeni müstəvilər açır.

Exeter Universitetinin Biznes və innovasiyalar üzrəprorektor müavini Stuart Brocklehurst iqlim dəyişikliyinin bariz nümunələrindən söz açaraq bu barədə lazımi addımlar atılmayacağı halda dünya əhalisinin rifahına təsir edən bütün sahələr üzrə böhranların yaranacağına dair elmi göstəricilərə diqqət çəkib. Bu baxımdan, COP29 da daxil olmaqla qarşıdan gələn COP tədbirlərinin həlledici əhəmiyyətinə toxunulub.

2021-ci ildə Britaniyada keçirilmiş COP26 zamanı BMT-nin iqlim dəyişiklikləri üzrə Yüksək Səviyyəli Çempionu olmuş Niqel Toppinq iştirakçılara COP prosesinin əsas hədəfləri, hazırkı inkişaf xətti və prosesə dair gözləntilərdən danışıb. O, COP29-un əsasən maliyyə, biznes və elm COP-u olacağını deyib.

Britaniyanın Şərqi Lankaşir Ticarət Palatasının başicraçı direktoru Miranda Barker Britaniya üzrə fəaliyyət göstərən ticarət palatalarının COP proseslərindəki iştirak və rolundan danışıb.

Tədbirin ikinci hissəsində isə Azərbaycan tərəfinin perspektivi və COP-a hazırlığı barədə müzakirələrə həsr olunub.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov öz çıxışında qeyd edib ki, Azərbaycanın böyük miqyaslı tədbirlərə ev sahibliyi etmək, eləcə də həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri bir araya gətirərək konstruktiv dialoqu təşviq etmək təcrübəsi var. Bu təcrübənin COP29 kontekstində önəmini vurğulayan səfir Süleymanov Azərbaycanın COP29-a ev sahibi kimi seçilməsində Ermənistanla əldə olunmuş qarşılıqlı etimad quruculuğu tədbirlərinin rolu olduğunu xüsusi vurğulayaraq prosesin sülh gündəliyinə də faydalı olduğunu söyləyib.

Azərbaycanın İxracın və İnvestisiyaların TəşviqiAgentliyinin (AZPROMO) icraçı direktorunun müavini Zöhrab Qədirov tədbir iştirakçılarına Azərbaycanda yaradılmış xüsusi iqtisadi zonalar barədə təqdimat verib, bu kontekstdə xarici investorlar üçün mövcud güzəştli biznes şərtlərindən danışıb.

Azərbaycan İnvestisiya Şirkətinin baş icraçı direktoru Ülvi Mansurov rəhbərlik etdiyi şirkətin Azərbaycanda biznes qurmaq istəyən Britaniya vətəndaşları üçün faydalarından bəhs edib, ölkəmizdə yaradılmış səmərəli biznes imkanları və investisiya perspektivlərindən bəhs edib.

Sonda COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova Azərbaycanın bu beynəlxalq əhəmiyyətli mötəbər tədbirə hazırlıq prosesi barədə tədbir iştiraçılarına qısa məlumat verib.

İştirakçılar "Qarabağ" futbol klubunun bir gün öncə UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubu üzərində möhtəşəm qələbə qazanması münasibəti ilə qonaqlar arasında olan Klubun prezidenti Tahir Gözələ təbriklərini çatdırıb. Onlar "Qarabağ" futbol klubunun oyun zamanı göstərdiyi ruh yüksəkliyini xüsusi ilə alqışlayıb.

AzVision.az

Qalereya




Teqlər: Britaniya   Azərbaycan   COP29  





Xəbər lenti