“RAND Corporation”: postmünaqişə dövrünün 4 ssenarisi

   “RAND Corporation”:    postmünaqişə dövrünün 4 ssenarisi
  17 Fevral 2024    Oxunub:1177
ABŞ-nin məşhur beyin mərkəzlərindən biri olan “RAND Corporation” şirkəti “Gələcək gün: Postmünaqişə dövründə ABŞ-nin Rusiya ilə bağlı strategiyası” adlı hesabat dərc edib. Ukraynadakı müharibədən sonra dünyanı nələrin gözlədiyi barədə indidən düşünmək zərurətini irəli sürən beyin mərkəzi növbəti onillik üçün dörd ssenarini nəzərdən keçirib.
AzVision.az xəbər verir ki, 4 ssenari cari münaqişənin nəticəsi iki modelin hər birinin iki variantını özündə ehtiva edir:

1.Qərb üçün “daha az əlverişli” və “daha əlverişli”;
2.ABŞ-nin sonrakı strategiyası üçün “daha sərt” və “daha az sərt”.


Maraqlıdır ki, hesabatda Ukraynadakı müharibənin ABŞ və Kiyev üçün “əlverişsiz” nəticəsi ümumiyyətlə nəzərdən keçirilmir. Bununla belə, Rusiyanın tam məğlubiyyətindən də söhbət getmir. Onların fikrincə, müharibə yalnız bu və ya digər tərəfin cüzi ərazi qazancı ilə başa çatacaq.

İstənilən halda, dörd ssenarinin heç biri ABŞ və Qərb üçün hər hansı “parlaq gələcək” vəd etmir. Variantların biri bir neçə ildən sonra Rusiya ilə, o cümlədən NATO-nun da qoşulacağı yeni müharibə riskini ehtiva edir. Yalnız sonuncu variant – “müharibənin daha əlverişli nəticələrindən sonra ABŞ-nin daha az sərt strategiyası” Qərb üçün nisbətən əlverişlidir. “RAND Corporation” da məhz bu varianta meyllənir.

Birinci modelə əsasən, Rusiya-Ukrayna münaqişəsi tez başa çatır, Kiyev kiçik ərazi qazancı götürür və Çinin Rusiyaya münasibəti soyuyur.

İkinci modeldə üzücü müharibə uzun sürür, Ukrayna kiçik bir ərazi itirir, Çin isə Rusiyanı silahla təmin edir.

Məhz bu iki modelə və ABŞ hakimiyyətinin onlara qarşı müxtəlif yönlü reaksiyasına (sərt və o qədər də sərt olmayan) əsaslanan analitiklər gələcək reallıq üçün 4 variantın təsnifatını verir.

Birinci variant: hər yerə yayılmış qeyri-sabitlik. Bu ssenariyə silahlanma yarışı, Moskva ilə Kiyev arasında atəşin daim pozulması, Avropanın tənəzzülü və Rusiya ilə Çinin müttəfiqliyi daxildir.

İkinci variant: lokal qeyri-sabitlik. Problemlər yalnız Rusiya-Ukrayna sərhəddində yaşanır, Moskvanın Pekinlə müttəfiqliyi öləziyir, Rusiya ilə NATO-nun qarşıdurması davam edir.

Üçüncü variant: Soyuq Müharibə-2. Keçmiş münaqişə sərhədlərində sakitlik yaranır, Ukrayna iqtisadiyyatı bərpa olunur, Rusiya ABŞ-la nüvə və hipersəs silahlanma yarışına girir, Çin də Kremlin tərəfində ona qoşulur.

Dördüncü variant: Soyuq sülh. Nüvə gərginliyi azalır, Rusiya ilə NATO arasında münasibətlər gərgindir, lakin düşmənçilik deyil, Ukraynada atəşkəs tərəflər ciddi qaydada atşəkəsə əməl edirlər, Kiyev Avropa İttifaqına (Aİ) inteqrasiya olunmağa başlayır.

Qeyd edək ki, ekspertlərin fikrincə, gələcək üçün 1-ci və 3-cü variantlar ABŞ-nin müharibədən sonrakı sistemə sərt, 2-ci və 4-cü variantlar isə sərt olmayan yanaşma konekstində həyata keçirilir.

Bu variantlar prizmasından çıxış edən beyin mərkəzinin ekspertlərin gəldiyi nəticəyə görə, daha uzun, daha şiddətli müharibə ABŞ-nin, eləcə də onun müttəfiqlərinin və Ukraynanın maraqlarına ciddi ziyan vuracaq. Birləşmiş Ştatlar münaqişənin nəticəsinə təsir edə bilər. Bu seçimlərə ABŞ-nin uzunmüddətli maraqlarını təşviq etmək üçün atəşkəsin dəstəklənməsi də daxildir.

ABŞ gələcəkdə Rusiya və Ukrayna arasında münaqişə riskini azalda bilər. Müharibəyə daha tez son qoyulması, ehtimal ki, gələcək müdaxilələrin qarşısını almaq yönündə Ukraynanın qabiliyyətini gücləndirəcək. Vaşinqton Kiyevi əraziləri geri almaqdansa müdafiə strategiyasına üstünlük verməyə təşviq edə bilər. Bu, Ukraynanın işğal olunmuş əraziləri azad etmək imkanlarını məhdudlaşdıra bilər, lakin Rusiyanın yeni torpaqlar ələ keçirməsini çətinləşdirəcək.

ABŞ-nin Avropada müharibədən sonrakı sərt strategiyası Rusiya ilə gələcək münaqişə riski yaradır. Rusiya indi zəifləyib və NATO-nun çəkindirici qüvvə kimi gücü nümayiş etdirilib. Sərt siyasət çəkindirmək üçün lazımsız ola və Kremlin ABŞ-nin niyyətlərini potensial yanlış dərk etməsi səbəbindən münaqişə riskini artıra bilər.

Rusiya ilə Çin arasında daha sıx əlaqələr dönməz xarakter ala və ABŞ-nin Rusiyaya qarşı sərt siyasəti bu tərəfdaşlığı gücləndirə bilər. Daha zəif qarşıdurma yanaşması əsas dinamikanı mütləq dəyişməyəcək, lakin onların əməkdaşlığı üçün daha çox stimul yaratmaqdan qaçacaq.

Müharibədən sonra NATO daxilində fikir ayrılıqları ola bilər. Fransa, İtaliya və Almaniya ABŞ-nin sərt yanaşmasını həddindən artıq təxribatçı hesab edə bilərlər. Şərqi Avropalı müttəfiqlər NATO-nun çəkindirmə gücünü zəiflətmək qorxusundan daha yumşaq yanaşmaya qarşı çıxacaqlar. Onlar ABŞ-yə çox güvəndiyi üçün fikir ayrılıqları alyansın birliyini təhdid edə, Almaniya və Fransa isə fikir ayrılığı fonunda müdafiə investisiyalarını kəsə bilər.

Qeyd edək ki, “RAND Corporation” əksər hallarda Ağ Ev administarsiyasının və Pentaqonun sifarişləri əsasında hesabatlar hazırlayır. Bu baxımdan, sözügedən sənəd vasitəsi ilə Vaşinqtonun Moskvaya sətirarası mesajlar ünvanladığı istisna deyil. Xüsusən də, hesabatın dərc edilməsinin amerikalı Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsinin, demək olar ki, eyni vaxta düşməsi bu ehtimalı daha da gücləndirir. Bu isə, daha çox yeni dünya nizamının konturlarının müəyyənləşdirilməsi yönündə Vaşinqtonla Moskva arasında sövdələşmənin aparıldığına bənzəyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: RAND   ssenarilər  





Xəbər lenti