AŞPA-nın yay sessiyası bizə nə verdi? – Müsahibə

AŞPA-nın yay sessiyası bizə nə verdi? – Müsahibə
  25 İyun 2014    Oxunub:1289
“Pula görə öz əqidələrindən, şəxsiyyətlərindən imtina edib Azərbaycana qarşı çıxırlar”.

Tanınmış politoloq Elman Nəsirov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanla bağlı aparılan müzakirələr, prezident İlham Əliyevin AŞPA tribunasındakı qətiyyətli çıxışı və bu sessiyanın ölkəmiz üçün əhəmiyyətini AzVision.az-a şərh edib.



- AŞPA-nın yaz sessiyası Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli oldu?

- Heç şübhəsiz ki, AŞPA-nın 23-27 iyun tarixlərində keçirilən sessiyası Azərbaycan üçün siyasi əhəmiyyət kəsb edən hadisə oldu. Məsələ ondadır ki, AŞPA-nın bu sessiyası həm də Azərbaycanın bu qurumda Nazirlər Komitəsinə sədrlik etməyə başlaması ilə yadda qalır. Altı ay müddətində həm yay, həm də payız sessiyalarının keçirilməsi Azərbaycanın sədrliyi dövrünə təsadüf edəcək. Bu həm də Azərbaycan həqiqətlərinin Avropaya çatırılması baxımından, Azərbaycanda aparılan islahatların, iqtisadi inkişaf tempinin, demorkatiyanın inkişafı ilə bağlı məsələlərin və ən başlıcası Ermənistanın yürütdüyü işğalçı siyasət, onun detalları və onun nəticələrinin təbliği baxımından əlverişli imkandır. Azərbaycan tərəfi də bundan maksimum faydalanmaq istəyir.

Xüsusilə də bu dəfəki sessiya müddətində Ermənistanın işğalçı siyasəti və onun nəticələri ilə bağlı sanskiyaların tətbiqi məsələsi gündəmdədir. Artıq bu məsələ qeydiyyata alınıb və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bununla bağlı müvafiq addımlar atmaqdadır. AŞPA Rusiyaya sanskiya tətbiq etdi və Azərbaycan tərəfi də çıxış edərək analoji addımın Ermənistana da tətbiq edilməsində israr edib.

- Nazirlər Komitəsinə rəhbərlik müddətində Azərbaycanın fəaliyyətinin əsas istiqaməti nədən ibarətdir?

- Cənab nazir Elmar Məmmədyarov öz çıxışında Azərbaycanın hədəflərini açıqladı və sədrlik edəcəyimiz dövrdə hansı məsələlərin prioritet olacağı barədə məlumat verdi. Bunların içərisində heç şübhəsiz ki, korrupsiyaya qarşı mübarizə məsələsinin önə çəkilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədə atdığı addımlar, ələlxüs da Avropa məkanında bu istiqamətdə addımların atılması vacib bir məsələyə çevrilib. Xüsusilə də korrpusiyanın yeni elementlərindən olan idman sahəsində manipulyasiya böyük əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, 2015-ci ildə Azərbaycan ilk Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcək, deməli bu məsələyə diqqət daha çox olmalıdır.

Azərbaycanın sədrliyi dövründə nazirin də vurğuladığı kimi mədəniyyətlərarası, dinlərarası dialoq məsələləri gündəmdə saxlanılacaq. Azərbaycan bu istiqamətdə böyük addımlar atıb, bir model formalaşdırıb və tolerantlıq məkanına çevrilib. Ümumiyyətlə, təhsil, mədəniyyət sferaları da, Avropa təhsil sisteminə inteqrasiya məsələlərinə xüsusi önəm veriləcək.

- Ötən gün prezident İlham Əliyevin AŞPA-dakı çıxışı dünya ictimaiyyəti tərəfindən diqqətlə qarşılandı. Prezidentin çıxışı zamanı toxunduğu məsələləri necə şərh edirərdiniz?

- İlham Əliyev sessiyanın açılışındakı çıxışı zamanı Azərbaycanın inkişaf yoluna qiymət verdi. Azərbaycanın 90-cı illərin əvvəlləri ilə indiki vəziyyətini müqayisə etdi. Bu müddət ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və iqtisadi inkişafın sürətinə görə dünyada xüsusi mövqeyə malik olduğunu, regionun lider dövləti olduğunu açıqladı.

Həmçinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə riayət etdiyini və onları həyata keçirdiyini bildirdi və demokratik inkişafın Azərbaycanda geniş vüsət aldığını, bütün istiqamətlərdə islahatlar keçirildiyini vurğuladı. Eyni zamanda cənab prezident həmişə olduğu kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni diqqətdə saxladı. Ermənistanın yürütdüyü siyasət və onun nəticələrini qabartdı, Azərbaycanın isə münaqişənin dinc yolla həllinə üstünlük verdiyini vurğuladı. BMT-nin və ayrı-ayrı beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamə və sənədlərin yerinə yetirilmədiyini diqqətə çatdırdı. Ümumilikdə Ermənistanın yürütdüyü aqressiv siyasətlə bağlı faktları cənab prezident nəzərə çatdırdı.

- Çıxışı zamanı prezidentə bir neçə sual da ünvanlandı. Həm Leyla Yunus, həm də siyasi məhbuslarla bağlı. Bu sualların təxribat xarakterli olduğu qaçılmazdır.

- Bəli, təxribat xarakterli suallardır. Həm Avropada, həm də Azərbaycanda elə qüvvələr var ki, çalışırlar hakimiyyətin qazandığı uğurlara kölgə salsınlar. Mən həmişə bu fikri səsləndirirəm ki, iki halda dövlətdə xalq ilə hakimiyyət arasında həmrəyliyə daha böyük ehtiyac yaranır. Birincisi, dövlət çox zəif olanda həmin dövlətə ciddi təhdidlər yaranır, təzyiqlər olur və onu asılı vəziyyətə salmaq istəyirlər. İkincisi isə dövlət güclü olanda bunu gözü götürməyən qüvvələr işə başlayır və çalışırlar ki,hər vəchlə onu zəiflətsinlər və daxili səbatsız qüvvələrdən istifadə edirlər. Biz bunu Strasburqda da gördük ki, orada da alət qismində istifadə olunan insanlar var idi. Onlar yazıq, bədbəxt insanlardır. Kimlərinsə kiçik maliyyə dəstəyinə görə öz əqidələrindən, şəxsiyyətlərindən imtina edirlər və Azərbaycan əleyhinə çıxış edirlər. Cənab prezident çıxışında çox yaxşı qeyd etdi ki, bu insanlar 90-cı illərin əvvəllərindəki vəziyyəti unudublar. Bilmirlər ki, onda vəziyyət necə idi və indi necədir.

Azərbaycana təzyiq etmək üçün gündəmə gətirilən digər məsələ isə siyasi məhbusdur. Bu özü də manipulyasiyadır. Cinayəti olan adamlara cinayətkar kimi yox, siyasi dustaq kimi yanaşmaq və bundan istifadə edib hökumətə təsir göstərmək istəyirlər. Qəti mövqeyim ondan ibarətdir ki, bu qüvvələr üçün siyasi dustaq hesab etdikləri adamların taleyi maraqlı deyil. Onlar üçün maraqlı olan cəhət hakimiyyətə təzyiq göstərməkdir. Ona görə də hesab edirəm ki, belə təzyiqlərin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan demokratiya yolu tutub, amma nəzərə almaq lazımdır ki, bu, uzunmüddətli prosesdir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti