NYT: İsrail-Həmas razılaşması üzrə danışıqlar üç gün uzadıldı

      NYT:    İsrail-Həmas razılaşması üzrə danışıqlar üç gün uzadıldı
  14 Fevral 2024    Oxunub:1047
Qəzza zolağında müvəqqəti atəşkəs və HƏMAS-ın girovlarının azad edilməsi ilə bağlı Qahirədə bir gün əvvəl baş tutan danışıqlar irəliləyiş olmadığı üçün daha üç gün uzadılıb.
Bu barədə “The New York Times” Misir rəsmisinə istinadən məlumat yayıb.Eyni zamanda, nəşrin sözlərinə görə, sövdələşmənin müzakirəsi “müsbət tonda” gedir.

NYT və Reuters yazır ki, danışıqların ilk gününün nəticələrinə görə, görüş iştirakçıları razılığa gəlməyiblər. NYT-nin həmsöhbətlərindən biri bildirib ki, tərəflər arasında aparılan müzakirələrdə əsas məsələ girovlar müqabilində İsrail həbsxanalarından buraxılacaq fələstinli məhbusların sayı ilə bağlıdır. ABŞ rəsmisinin sözlərinə görə, danışıqlar növbəti üç gün ərzində daha aşağı səviyyədə aparılacaq.

Danışıqların ilk günündə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns və İsrail kəşfiyyat xidmətinin rəhbəri David Barnea danışıqlarda iştirak ediblər. Onlar Misir və Qətərin yüksək vəzifəli şəxsləri ilə görüşüblər. Bu ölkələr danışıqlarda vasitəçi kimi çıxış edirlər.

Axiosun yazdığı kimi, İsrailin baş naziri Benyamin Netanyahu bir girov müqabilində üç fələstinli məhbusu azad etməyə hazır olduğunu açıqlayıb. Eyni sxem 2023-cü ilin noyabrında atəşkəs zamanı da qüvvədə idi. Nəşrin məlumatına görə, ABŞ prezidenti Co Bayden telefon danışığında İsrailin baş nazirini sövdələşmənin həyata keçirilməsi üçün çeviklik nümayiş etdirməyə və daha çox məhbusu azad etməyə çağırıb.

Fevralın əvvəlində Parisdə İsrail, Misir, Qətər və ABŞ nümayəndələri bir neçə mərhələni, fələstinli əsirlərin israilli girovlarla dəyişdirilməsini və müharibəni dayandırmaq öhdəliyi olmadan uzunmüddətli atəşkəsi özündə əks etdirən çərçivə sazişi barədə razılığa gəliblər. Qahirədə keçiriləcək görüşdə yekun saziş layihəsinin formalaşdırılması planlaşdırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti