NetEase: “Rusiyanın “qızıl gedişi” sürpriz ola bilər”

   NetEase: “Rusiyanın    “qızıl gedişi”    sürpriz ola bilər”
  13 Fevral 2024    Oxunub:1001
Sərt sanksiyalar rejiminin tətbiqindən, xüsusən də Qərb banklarında 300 miyard dollardan çox aktivləri dondurulduqdan sonra Rusiya özünün qızıl ehtiyatlarını artırmaq siyasətinə üstünlük verir.
AzVision.az Çinin “NetEase” internet-platformasında dərc olunan məlumata istinadən xəbər verir ki, Rusiyanın son illərdə qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artırması təsirli nəticələrə gətirib çıxarıb.

Materialda qeyd olunur ki, qiymətli metal ehtiyatları artdıqca, Moskvanın strategiyası da dəyişməyə başlyıb. Ölkənin qızıl ehtiyatlarının davamlı şəkildə artırılması müstəvisində atılan addımlar geosiyasi risklərə qarşı həssaslığın azaldılmasına yönəlib və bu ehtiyat Rusiya üçün bir növ təhlükəsizlik şəbəkəsidir.

Qeyd edək ki, dünyada ən böyük qızıl ehtiyatlarının sahibi ABŞ-dır. Bu ehtiyatların böyük hissəsi Kentukki ştatındakı Fort-Noksda, həmçinin Denver və West Point sikkə xəzinəsinin filiallarında saxlanılır.

Uzun müddət hesab olurudu ki, bir çox başqa ölkələr kimi, Rusiya da qızıl ehtiyatlarını Amerika və Britaniya banklarında saxlayır. Lakin Rusiyanın Mərkəzi Bankı bu əsatiri təkzib edərək, bütün qızıl ehtiyatının ölkə ərazisində olduğunu bildirib.

Rusiyanın qızıl ehtiyatları ilə bağlı digər vacib məqam onun hasilatı ilə bağlı vəziyyətdir. Rusiya dünyanın ən böyük qızıl istehsalçılarından biridir. Amma iqtisadiyyatın bu sektoru haqqında ətraflı məlumat yoxdur. Materialın müəllifləri bunu iki məqamla izah edirlər.

Əvvəla, bu, təhlükəsizliyin təmin olunması üçün edilir.
İkincisi, bu yolla qızıl ehtiyatlarının həqiqi həcmləri gizlədilir. Çünki Rusiyanın dedollaşdırma prosesi üçün əhəmiyyətli miqdarda qızıl tələb olunur və Moskva öz hərəkətlərini gizlətməklə arzuolunmaz diqqətdən yayınır.

Son nəticədə bu addım ABŞ üçün sürpriz ola bilər . Çünki Rusiya və onun BRİKS üzrə tərəfdaşları nə qədər çox qızıl ehtiyatı toplasalar, yaradılması ətrafında artıq müzakirə aparılan yeni valyuta bir o qədər güclü olacaq.

“RİA Novosti” agentliyinin milli mərkəzi bankların məlumatlarına əsaslanan hesablamalarına görə, 2023-cü ildə G20 ölkələri qızıl ehtiyatlarını ümumilikdə 213 ton artırıblar ki, bunun da təxminən 16 tonu Rusiyanın payına düşür. Beləliklə, Rusiyanın qızıl ehtiyatları 2351 tona çatıb və bu hazırda dünyada beşinci ən yüksək göstəricidir.

Ötən il ən çox – 224 ton qızıl alan Çinin ümumi ehtiyatı - 2236 ton təşkil edir. Alışların həcminə görə, ikinci yerdə ehtiyatını 21 ton artıran Avstraliya (ümumu ehtiyat təxminən 80 ton), üçüncü yerdə isə 17 ton qızıl alan Hindistan (ümumi ehtiyat 804 ton) qərarlaşıb. Fransanın qızıl ehtiyatları cəmi 0,3 ton artaraq 2437 tona çatıb. Almaniyanın “nəcib metall” ehtiyatları isə 2,5 ton azalaraq 3356 ton səviyyəsinə enib. Türkiyə də qızıl ehtiyatlarını il ərzində 60 ton azaldaraq ümumi çəkidə 726,5 ton göstərici ilə kifayətlənib.

Qızıl ehtiyatlarının həcminə görə qlobal liderliyi əlində saxlayan ABŞ-də bu göstərici dəyişməz qalıb – 8133 ton. Daha 3 ölkənin – İtaliya (2452), Yaponiya (846) və Böyük Britaniyanın (310 ton) ehtiyatlarında da dəyişiklik baş verməyib. Maraqldır ki, “qara qızıl”ın ixracında dünyada ilk yerlərdən birini tutan Səudiyyə Ərəbistanının “nəcib metal” ehtiyatları cəmi 323 tondur.

Maraqlıdır ki, G7 və G20 qruplarının üzvü olan Kanadanın isə, ümumiyyətlə, qızıl ehtiyatı yoxdur. Bu isə rəsmi Ottavanın birmənalı şəkildə ABŞ dollarına hamıdan çox etimad göstərdiyini sübuta yetirir. Əslində, bütün taleyüklü məsələlərdə Vaşinqtonun kölgəsi rolunu oynayan Ottavanın belə siyasətində təəccüblü heç nə yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   qızıl  





Xəbər lenti