Hansı dövlət və özəl qurumlar süni intellektdən istifadə edir ?

   Hansı dövlət və özəl qurumlar süni intellektdən istifadə edir ?
  13 Fevral 2024    Oxunub:1345
Azərbaycanda süni intellekt sahəsinə real investisiya yatıran, real iş görməyə başlayan dövlət qurumu Dövlət İmtahan Mərkəzidir. DİM bununla bağlı tender elan edib. Tenderin qalibi də məlumdur, müqavilələr imzalanıb. Bu, yerli "Robotronics" şirkətidir. Qurum bu işdə Elm və Təhsil Nazirliyinin İdarəetmə Problemləri İnstitutu (keçmiş Kibernetika) ilə əməkdaşlıq edir.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib. O qeyd edib ki, DİM vətəndaş müraciətlərini süni intellekt texnologiyası əsasında cavablandıran sistem – robot operator hazirlayır. Ən yaxın zamanda test rejimində işə başlaması gözlənilir

"Süni intellektin tətbiqi sahəsində ciddi açıqlamalar verən dövlət qurumlarından biri də ASAN Xidmətdir. Qurum rəhbərliyi bir neçə dəfə həm xarici partnyorlarla, həm də yerli süni intellekt həlləri hazırlayan komanda ilə işbirliyi quraraq 108 Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqinə start verildiyini açıqlayıb. Mahiyyəti ondan ibarətdir ki, vətəndaşların yazılı olaraq deyil, şifahi formada , səslə müraciətləri süni intellekt texnologiyası əsasında cavablandırılacaq. Yəni burada da söhbət robot operatorun – ASAN Bot-un yaradılmasından gedir. Bildiyim qədər ASAN da yuxarıda adı çəkilən şirkətlə əməkdaşlıq etməyi nəzərdə tutub, lakin rəsmi açıqlama olmayıb. Hələlik adı çəkilən sistem ortada yoxdur, hansısa müqavilələrin bağlanması haqqında da məlumatlar da yoxdur"

O.Gündüz qeyd edib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yeni rəhbərliyi 2022-ci ilin sonunda məhkəmə sistemində süni intellekt tətbiqinə başlayacaqlarını açıqlamışdı. Lakin sonradan bu söhbət yığışdırıldı.

"Bildiyim qədər hazırda Ali Məhkəmə süni intellekt platformasında çalışan sistemi testdən keçirir. Bununla bağlı açıqlama da verilmişdi . Sistemin mahiyyəti ondan ibarədir ki, vətəndaşlar məhkəməyə müraciət etməzdən əvvəl oxşar məhkəmə işləri ilə bağlı formalaşmış məhkəmə təcrübəsinin təhlili, mübahisəyə dair məhkəmələrin hüquqi mövqeyinin öyrənilməsi və həmin mübahisənin məhkəmə perspektivi haqqında anında məlumat əldə edəcək.

Azercell (Aicell) və Azərbaycan Beynəlxalq Bankı da vətəndaş müraciətlərini cavablandırmaq üçün süni intellekt həllərinin hazırlandığını rəsmi olaraq açıqlayıblar. "Azərkosmos" və SOCAR, Dövlət Gömrük Komitəsu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Mərkəzi Bank da süni intellekt sahəsində hansısa layihələr icra etdiklərini, data və süni intellekt ekosistemin inkişafında dəstək verəcəklərini açıqlayıblar. Lakin real olaraq hələlik ciddi işlər ortada görünmür".

O.Gündüz xatırladıb ki, Azərbaycanda süni intellekt texnologiyasının inkişaf etdirilməsi ilə dövlət sektorunda iki qurum - İqtisadiyyat Nazirliyi yanında 4SİM qurumu, RİNN yanında Azərbaycan Süni İntellekt Laboratoriyası fəaliyyət göstərir.
"Hər iki qurum data və süni intellekt sahəsində strategiyanın hazırlanacağını bildirsə də, hələlik belə bir layihələr ortada yoxdur. Beləliklə görünən odur ki, ölkəmizdə bu sahənin inkişafı istiqamətində müəyyən addımlar atılsa da, real nəticələr barmaqla sayıla bilər.

Dünya trendlərinə baxanda görmək olar ki, onlar milli strategiyalarında artıq İKT-dən gələn gəlirlərdən deyil, məhz süni intellektdən əldə olunan gəlirdən və üstünlüklərdən danışırlar.
Düşünürəm ki, səlahiyyətli qurumlarımız bu sahəyə diqqəti çox artırmalıdırlar, çünki işlər çox ləng gedir. Maraqlı tərəflərin səylərini bir yerə cəmləşdrimək, prioritetləri müəyyənləşdirmək lazımdır. Milli Korpus hazırlanmalıdır. Dövlətin əlində toplanan nəhəng DATA-dan effektiv sitifadə məsələləri gündəmə gətirilməlidir. Bura investisiyalar yatırılmalıdır".

AzVision.az


Teqlər:





Xəbər lenti