İrandan FİFA-ya şikayət: hakim zəif idi
İFF-in baş direktoru Mehdi Məhəmməd-Nəbinin FİFA-ya göndərdiyi iki səhifəlik məktubda görüşü idarə etmiş serb hakim Milorad Majiçin zəif işlədiyi qeyd olunur. İran tərəfinin fikrincə, ikinci hissədə müdafiəçi Pablo Sabaletanın İran yarımmüdafiəçisi Aşkan Dejaqa qarşı kobud oyunundan sonra arbitr Argentina komandasının qapısına penalti təyin etməli idi.
İFF-in məktubunda deyilir: “Biz yaxşı oynadıq. Yalnız hakimin səhvi argentinalıların bizdən irəli çıxmasına imkan verdi”.
İran yığması iki turdan sonra bir xalla qrupda üçüncü yeri tutur, lakin pley-offa çıxmaq şansını hələ saxlayır. Bunun üçün yekun turda nigeriyalılar (dörd xal) argentinalılara uduzmalı (altı xal), iranlılar özləri isə 1/8 finalı keçmək şansını itirmiş Bosniya və Herseqovina komandasını (sıfır xal) daha böyük top fərqi ilə udmalıdırlar. Görüşlər çərşənbə günü keçiriləcək.