Paşinyan: "Korrupsiya ilə mübarizə davam etdirilməlidir"

      Paşinyan:    "Korrupsiya ilə mübarizə davam etdirilməlidir"
  01 Fevral 2024    Oxunub:1342
Ermənistanın Baş naziri Nikol Paşinyan dövlət satınalmaları sahəsinə xüsusi nəzarətin vacibliyini vurğulayıb.
AzVision.az xəbər verir ki, o bu barədə hökumət toplantısında çıxışı zamanı bildirib.

Korrupsiyaya qarşı mübarizənin zərurətini diqqətə çatdıran Paşinyan 2018-ci ildən etibarən bu sahədə irəliləyiş əldə edilsə də, prosesin sonralar dayandığı barədə deyilənlərə münasibət bildirib. Onun sözlərinə görə, hökumətin korrupsiya ilə mübarizəsi nəinki səngiməyib, əksinə, güclənib.

"Nəzərə almaq lazımdır ki, nə qədər çox irəliləyiş qət edilsə, sonrakı addımlar bir o qədər çətinləşir. Çünki ilk addım, adətən, siyasi iradə ilə baş verir, amma davamında institusional inkişaf lazım gəlir", - Baş nazir deyib.

O bildirib ki, "Nazirlər Kabinetinin üzvləri onlara çatan hesabatlara çox da etibar etməməlidirlər".

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi ölkənin İqtisadiyyat Nazirliyində axtarışların nəticəsində 7 nəfərin saxlandığını açıqlayıb. Həmin şəxslər əvvəlcədən razılaşdırılaraq vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Onların arasında iqtisadiyyat nazirinin müavini Ani İspiryan, habelə parlamentin sədri Alen Simonyanın qardaşı Ani Gevorkyanın həyat yoldaşı da var.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   korrupsiya  





Xəbər lenti