London və müttəfiqləri Fələstini dövlət kimi tanıya bilər

   London və müttəfiqləri    Fələstini dövlət kimi tanıya bilər
  31 Yanvar 2024    Oxunub:1068
Böyük Britaniya və müttəfiqləri Fələstini tanımaq məsələsini nəzərdən keçirəcəklər. Müvafiq proseslər iki dövlətin yaradılması yolu ilə Fələstin-İsrail müharibəsinin həllində irəliləyişi təmin etmək üçün diplomatik səylər çərçivəsində baş tutacaq.
AzVision.az “Financial Times” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər naziri Devid Kemeron Londonda ərəb ölkələrindən olan səfirlər üçün keçirilən qəbulda belə bəyanat səsləndirib.

Kemeron qeyd edib ki, fələstinlilər “iki dövlətin yaradılması və ən əsası Fələstin dövləti istiqamətində geridönməz irəliləyiş əldə olunmasını” təmin edilməsinə əmin olmalıdırlar. O, habelə bu prosesi dəstəkləyəcək dövlətlərin məsuliyyət daşıdığını bildirib.

“Bizim məsuliyyətimiz var, çünki Fələstin dövlətinin necə görünəcəyini, nələri ehtiva edəcəyini, necə işləyəcəyini müəyyənləşdirməyə başlamalıyıq” , - Devid Kemeron deyib.

Fələstinin müstəqil dövlət kimi tanınması məsələsinə BMT-də baxılacaq. Böyük Britaniyanın Xaric İşlər naziri fələstinlilərə aydın “siyasi üfüq”ün lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, son 30 ildə İsrail uğursuzluqlarla üzləşib: yəhudi dövləti iqtisadi artıma nail olub, həyat səviyyəsini yaxşılaşdırıb, müdafiə və təhlükəsizliyə pul yatırıb, lakin bununla belə, təhlükəsizliyini təmin edə bilməyib.

Qeyd edək ki, yanvarın 29-da Fələstinin Səhiyyə nazirliyi Qəzza zolağında 26 637 nəfərin öldüyünü, yaralananların sayının isə 65 387 nəfərə çatdığını açıqlayıb. Anklav hökumətinin mətbuat xidməti yanvarın 15-də Qəzzanın şimalında 800 min fələstinlinin olduğunu və onların qarşıdakı aylarda ölüm təhlükəsi ilə üzləşdiyini bildirib. Bu təhlükənin əsas səbəbi isə İsrail ordusunun bölgəyə yardım və ərzaq tədarükünü əngəlləməsi siyasətinin davam etdirməsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kemeron   Fələstin  





Xəbər lenti