Zalujnının “istefası”nın yeni təfərrüatları

   Zalujnının  “istefası”nın  yeni təfərrüatları
  31 Yanvar 2024    Oxunub:1200
Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etsə də, hərbi rəhbərliyin və beynəlxalq tərəfdaşların təzyiqi qarşılığında bu qərara xitam vermək məcburiyyətində qalıb.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “The Times” nəşri belə məlumat yayıb. Həmin mənbələrin iddiasına görə, baş komandanla prezident arasında keçirilən görüşdə Zelenski Zalujnıdan öz ərizəsi ilə istefaya getməsini xahiş edib. Lakin Zalujnı bundan imtina etdikdən sonra prezident onun tutduğu vəzifədən azad olunması barədə sərəncam imzalayacağını bildirib. Zalujnı isə kabinetinə qayıdaraq işdən çıxarılması barədə müavinlərini məlumatlandırıb.

Qəzet yazır ki, yüksək rütbəli zabitlər və beynəlxalq tərəfdaşlar, o cümlədən ABŞ və Böyük Britaniya Zalujnının işdən çıxarılması ilə bağlı xəbərlərdən sonra narahatlıqlarını ifadə ediblər. Bundan əlavə, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov və quru qoşunlarının komandanı Aleksandr Sırski Zalujnının yerini tutmağa razılaşmadıqdan sonra Zelenski onun işdən çıxarılması barədə qərarını ləğv etməyə məcbur olub.

“Zelenski anlamalıdır ki, hərbçilər Zalujnıya inanırlar və prezident hərbçilərin ona güvənməsini istəyirsə, Zalujnıya etibar etməyi öyrənməlidir” , - baş komandanın silahdaşlarından biri deyib.

“The Economist” nəşri də Sırskinin və Budanovun Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postuna namizədlər hesab olunduğunu yazıb. Bəzi mənbələrin ehtimallarına görə Budanov “son anda” bu təklifdən imtina edib. Maraqlıdır ki, Budanovun yaxın həmkarı onun Zalujnının vəzifəsinə iddialı olmadığını, lakin vəzifədən də imtina etmək hüququna malik olmadığını bildirib.

“The New York Times” qəzeti isə bildirir ki, Zalujnının işdən çıxarılması barədə qərarın ləğvinin səbəblərindən biri onu dərhal əvəzləyəcək kadrın olmamasıdır. İkinci səbəb kimi isə istefa barədə məlumatın kənara sızması göstərilir.

Qeyd edək ki, yanvarın 29-da axşam saatlarında Ukrayna mediası və siyasətçiləri Zalujnının işdən çıxarılması barədə xəbərlər yaymağa başladılar. O cümlədən, Ali Radanın keçmiş deputatı Borislav Bereza Ukrayna prezidentinin ofisindəki mənbələrə istinadən bildirib ki, Zalujnı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına rəhbəri və ya səfir olmaq təklifindən imtina edib. Lakin Ukrayna rəhbərliyi Zalujnının işdən çıxarılması ilə bağlı məlumatları təkzib edib.

Zelenskinin bioqrafı, “Time” jurnalının əməkdaşı Saymon Şusterin iddiasına görə, Zelenski ilə Zalujnı arasında ziddiyyətlər hələ Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlamazdan əvvəl yaranıb: Ali baş komandan ümumi səfərbərliyin və Rusiya ilə sərhədlərin möhkəmləndirilməsinin tərəfdarı olub, prezident isə belə tədbirlərin cəmiyyətdə panika yaradacağını iddia edib. Zalujnının Ukraynaya silah verməkdən imtina edən ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri komitəsinin sədri (2019-2023) Mark Millli ilə əlaqəni müvəqqəti kəsməsi də Zelenskinin narazılığına səbəb olub. Lakin Zelenski Zalujnı ilə normal iş münasibətləri olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Zalujnı   istefa  





Xəbər lenti