Qurbanın Xabi Alonsoya təqdim etdiyi hədiyyə nə olub?
Bəs, bu xalçanın mənası nədir?
Qol.az xəbər verir ki, Feysbukdakı “Qarabağ Football Club” səhifəsi bununla bağlı paylaşım edib. Qeyd olunub ki, Qurban Qurbanovun Xabi Alonsoya hədiyyə etdiyi "xalça" Qarabağ tipinə aid ən maraqlı xovlu xalçalarından biri olan “Çələbi” xalçasıdır.
Xalçanın adı Oğuz türklərinin soyundan olan məşhur “Çələbi” tayfasının adından qaynaqlanır. Çələbilər Osmanlı sultanlığı, İraq və Azərbaycan ərazilərində yayılmışlar. Şimali Azərbaycanda Çələbilərə aid Nuxa (indiki Şəki), Bərdə və Cəbrayıl ərazisində bir neçə məkan adları mövcuddur. “Çələbi” və ya “Bərdə” adlı xalça kompozisiyası ilk dəfə Qarabağın ətraf kəndlərində, o cümlədən Bərdənin 10 km şərqində yerləşən Çələbi kəndində toxunub. Bu xalça üç göl kompozisiyası əsasında tərtib olunub. Qarabağ xalçalarında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir.
Qarabağ xalçalarının bəzən digər qrupları arasında da istifadə olunan on iki və ya on altı ləçəkli oxşəkilli, girintili-çıxıntılı formalardan ibarət olan göl elementi əsasən “Əjdahalı” xalçaların bədii quruluşunda xüsusi yer tutur.
AzVision.az
Teqlər: