HƏMAS razılaşdı: Əsir qadın və uşaqları azad edir

      HƏMAS razılaşdı:    Əsir qadın və uşaqları azad edir
  24 Yanvar 2024    Oxunub:862
Fələstinin HƏMAS hərəkatı əsir götürülən mülki qadın və uşaqların azad edilməsi ilə bağlı İsraillə potensial razılaşmaya hazır olduğunu açıqlayıb. Bu barədə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən xəbər verir.
Bu təşəbbüs həftələrdir ki, yalnız hərtərəfli atəşkəs razılaşmasının bir hissəsi kimi girovlarla bağlı danışıqlar aparacağında israr edən Həmas tərəfində əhəmiyyətli dəyişikliyi göstərir.

Qəzet qeyd edib ki, İsrail rəsmiləri misirli və qətərli həmkarlarına danışıqlarda potensial irəliləyişə şübhə ilə yanaşdıqlarını, lakin potensial sövdələşmə üçün prinsipləri müzakirə etməyə davam etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatının elan etdiyi "Əl-Əqsa" tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb. İsrail səlahiyyətlilərinin son məlumatlarına görə, təxminən 1,2 min adam öldürülüb. Bu rəqəmə mülki vətəndaşlar, əsgərlər, xarici vətəndaşlar və işçilər daxildir, həmçinin 5 mindən çox adamın yaralandığı bildirilir.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşma məntəqələrini nəzarətə götürüb və zolağındakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib.

2023-cü il oktyabrın sonunda İsrailin anklavdakı əməliyyatının quru mərhələsi başlayıb. Qəzza şəhəri İsrail quru qüvvələri tərəfindən mühasirəyə alınıb və anklav faktiki olaraq cənub və şimal hissələrə bölünüb.

HƏMAS Qəzza zolağında təxminən 200-250 girov olduğunu iddia edib. Atəşkəs başa çatdıqdan sonra İsrail hökuməti 126 israilli və 11 əcnəbinin HƏMAS-da girov qaldığını, oğurlanan 110 nəfərin isə sərbəst buraxıldığını açıqlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti