Azərbaycan “Azerspace-1” peyki üzrə kreditlərini tam ödəyib

Azərbaycan “Azerspace-1” peyki üzrə kreditlərini tam ödəyib
  22 Yanvar 2024    Oxunub:802
Ötən il Azərbaycan ilk peyki olan “Azerspace-1” üzrə kredit öhdəliklərini tam ödəyərək yekunlaşdırıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, peykin istehsalı üzrə 116,6 milyon ABŞ dolları və orbitə qaldırılma xidmətləri üzrə 89,6 milyon ABŞ dolları (ümumilikdə 206,2 milyon ABŞ dolları) məbləğində kredit öhdəlikləri ödənilib.

Qeyd edək ki, “Azerspace-1” peykinin istehsalı üçün ABŞ-nin “Orbital Sciences” korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə İxrac-İdxal Bankı ilə əməkdaşlıq edilərək 2011-ci ildə “BNP Paribas” bankı ilə kredit sazişi imzalanıb və ümumi məbləği 116,6 milyon ABŞ dolları olan kredit əldə edilib. “BNP Paribas” bankı qarşısında olan kredit öhdəlikləri 2022-ci ildə yekunlaşıb. İkinci kredit isə Fransanın “Coface” İxrac Kredit Agentliyindən cəlb edilib.

“Azerspace-1” peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın “Ariane Space” şirkəti tərəfindən “Ariane-5” daşıyıcı raketi ilə buraxılıb. Peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. “Azerspace-1”in istismar müddəti isə azı 15 ildir.

Azərbaycan telekommunikasiya və optik peyk xidmətlərinin təqdim edilməsindən bu günə kimi 550 milyon manatdan çox vəsait əldə edib. Kosmik Agentlik (“Azərkosmos”) telekommunikasiya peykləri və kosmik həlləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərir.


AzVision.az


Teqlər:





Xəbər lenti