Gənclər 20 Yanvar şəhidlərini ehtiramla yad ediblər - FOTO

   Gənclər 20 Yanvar şəhidlərini ehtiramla yad ediblər -    FOTO
  20 Yanvar 2024    Oxunub:1352
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş Ümumxalq Hüzn Günündən 34 il ötür. Azərbaycan xalqı, xüsusilə gəncliyimiz 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş görüşlər keçirilib, daha sonra istiqlaliyyət uğrunda canlarını qurban verənlərin məzarları ziyarət olunub
Təşkilatdan AzVision.az -a bildirilib ki, yanvarın 19-da ADA Universitetində əcnəbi və yerli gənclərin iştirakı ilə “20 Yanvar beynəlxalq ictimaiyyətin gözü ilə” mövzusunda dəyirmi-masa keçirilib.

Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşün rəsmi hissəsində NAYORA-nın sədri Rafael Hacıbəyli açılış nitqi söyləyib.

NAYORA-nın sədr müavini Güldanə Dadaşovanın moderatorluğu ilə keçirilən tədbirdə “20 Yanvar beynəlxalq ictimaiyyətin Gözü ilə” mövzusunda diskussiya başlayıb.

ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə, AEGEE Bakının prezidenti Kamilla Məmmədova çıxış edərək 20 Yanvar faciəsinin həqiqətlərini xarici ölkə gənclərinin, həmçinin üzv təşkilatların nümayəndələrinin diqqətinə çatdırıb və onların məlumatlandırılmasını, eyni zamanda faciənin beynəlxalq hüquq və normalar müstəvisində qiymətləndirilməsindən bəhs ediblər. Spikerlər 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti, bu hadisənin unudulmadığı və xalqımız tərəfindən hər zaman yaşadılacağını bildiriblər.

Tədbirdə əcnəbi gənclərin təmsil etdikləri ölkələrdə oxşar azadlıq hərəkatları barədə müzakirələr olub.

Həyata keçirilən ardıcıl tədbirlər zamanı həmçinin Azərbaycan Dillər Universitetində “Qanlı Yanvar” adlı anım tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə NAYORA-nın Baş katibi Ramin Həbibzadə, Milli Məclisin deputatı Vüqar İskəndərov, 20 Yanvar şahidləri Rövşən Abbasov və Valeh Hüseynov çıxış ediblər.

Natiqlər bu faciənin bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş qırğın olduğunu vurğulayıblar. Bildirilib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub.

Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan görüş əsnasında 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymətin dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi vurğulanıb.

Qeyd edək ki, silsilə tədbirlər çərçivəsində Yanvarın 20-də NAYORA-nın təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

AzVision.az

Qalereya




Teqlər: gənclər   təşkilat   20yanvar   anım  





Xəbər lenti