Kinoinfo.az fəaliyyətə başlayıb

Kinoinfo.az fəaliyyətə başlayıb
  16 Yanvar 2024    Oxunub:520
Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi kino xəbər saytı - kinoinfo.az fəaliyyətə başlayıb. Sayt ilk növbədə kino peşəkarlarına ünvanlanıb. Assosiasiyanın sədri Əli İsa Cabbarov bu sahədə fəaliyyət göstərən insanların ümumi kino mühitindən və bir-birindən xəbərsiz olduqlarını bildirir.
Bu problem kino bazarının inkişafına mane olur, ümumi vəziyyət haqqında səhv təsəvvür yaradır. Saytın “Qovluqda”, “Meydanda”, “Ekranda” bölümləri ölkəmizdə kino istehsalının hər üç mərhələsində baş verən yeniliklər haqda oxucuları məlumatlandıracaq.

Saytın əsas hədəflərindən biri iş adamlarını yerli kino istehsalı haqda məlumatlandırmaq və onları kinoya investisiya qoymağa sövq etməkdir. İş adamlarımız bir qayda olaraq kino kimi potensial gəlirli sahədə baş verən proseslərdən xəbərsiz olur. Bu məqsədlə saytın məqalələrində kinonun iqtisadi aspektinə, statistikaya, kinoya aid maliyyə xəbərlərinə geniş yer ayrılacaq.

Azərbaycan kinosu ilə yanaşı, qonşu ölkələrin ən mühim kino xəbərləri də saytda yer alacaq. Məqsəd region kinosunda baş verən prosesləri kino ictimaiyyətinə çatdırmaqdır.
Sayt Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb.

Assosiasiyanın sədri Əli İsa Cabbarov bildirib ki, “Kino Agentliyinin dəstəyi olmadan saytı yaratmaq çətin olardı. Minnətdarlıqla qeyd edim ki, saytın ideyasını Agentliyin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğluna deyən kimi dəstəklədi və biz fəaliyyətə başladıq”.
Azərbaycan Kinematoqrafçılar İttifaqı sayta təşkilatı dəstək göstərib.

Saytın redaktoru, jurnalist, ssenarist Ramil Ələkbərov, layihənin rəhbəri Əli İsa Cabbarovdur.

AzVision.az


Teqlər:





Xəbər lenti