Tanınmış idman xadiminin 100 illik yubileyidir

Tanınmış idman xadiminin 100 illik yubileyidir
  11 Yanvar 2024    Oxunub:1148
Bu gün Azərbaycanın əməkdar məşqçisi, tanınmış idman xadimi Tofiq Abbasovun doğum günüdür. 1947-1951-ci illərdə dəfələrlə Azərbaycan çempionu olan mərhum basketbolçu yaşasaydı 100 yaşını qeyd edəcəkdi.
1924-cü il yanvarın 11-də Bakıda doğulan Tofiq Abbasov Böyük Vətən müharibəsi iştirakçısı olub. Müharibədən sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitununa daxil olub və 1951-ci ildə oranı bitirib.

Azərbaycan idmanı tarixində müstəsna xidmətləri olan idman xadimi meydanlarda olduğu dövrdə bir sıra adlara da layiq görülüb. O həmçinin 1947-1951-ci illərdə basketbol üzrə dəfələrlə Azərbaycan çempionu, 1952–1977-ci illərdə Respublikanın basketbol yığma komandasının baş məşqçisi, 1976–1996-cı illərdəə isə Azərbaycan Basketbol Federasiyasının prezidenti olub.

1964-cü ildə Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi adını alan SSRİ əməkdar məşqçisi “Qırmızı Bayraq”, “I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunub.

T.Abbasov 2005-ci il fevral ayının 21-də 81 yaşında Bakı şəhərində vəfat edib. Mərhum idmançının xatirəsi daim idman ictimaiyyəti tərəfindən yad edilib. Belə ki, bir neçə il öncə onun 90 illik yubileyinə həsr edilmiş basketbol turniri keçirilib.

Müxtəlif ali təhsil ocaqlarının əməkdaşlarının yarışdığı turnirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (AzDBTİA) birinci, Bakı Dövlət Universitetinin komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi isə üçüncü olub.

AzDBTİA-nı təmsil edən Bəxtiyar Ələkbərov isə 71 xal toplayaraq turnirin ən məhsuldar oyunçusu seçilib. Tofiq Abbasovun oğlu Fərid Abbasov bu nəticəyə görə, B.Ələkbərova kubok təqdim edib.

AzVision.az



Teqlər:





Xəbər lenti