"Azərbaycanda idxalın artması dollara təlabatı yüksəldib" - Deputat

   "Azərbaycanda idxalın artması dollara təlabatı yüksəldib" -    Deputat
  11 Yanvar 2024    Oxunub:1281
Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 80.4 milyon dollarlıq sifarişin qeydə alınması valyuta bazarında tələbin hələ də yüksək olduğundan xəbər verir. Sıragagün keçirilən hərracda isə 74.9 milyon dollar satılmışdı. Bu o deməkdir ki, son 2 hərracda 155.3 milyon dollar satılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci ayında keçirilən ilk 2 hərracda 103.9 milyon dollar satılmışdı. Yəni, iki hərraclıq müqayisədə tələb 50 faizə yaxın artıb.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir.

"Doğrudur, 1 həftəlik bayram günləri də dollar sifarişlərinə təsirsiz ötüşmədi. Bununla belə, xüsusən real sektorun dollar tələbində artımlar müşahidə olunmaqdadır. Bu baxımdan, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Hərracların keçirilməsi mütəmadiliyi tələbin daha çevik tənzimlənməsinə səbəb ola bilər.

Dollara tələbin artması kontekstində bu il manatın məzənnəsinin necə dəyişəcəyinə gəlincə, Azərbaycanda hələ üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

AzVision.az


Teqlər:





Xəbər lenti