"Friends" serialının ssenari mətnləri hərraca çıxarılır

 "Friends" serialının ssenari mətnləri hərraca çıxarılır
  11 Yanvar 2024    Oxunub:1480
Məşhur "Friends" ("Dostlar") serialının Londonda çəkilmiş iki hissəsinin zibillikdən tapılan orijinal ssenari mətnləri sabah hərracda satılacaq.
AzVision.az xəbər verir ki, sözügedən ssenari mətnləri 1998-ci ildə Londonun Vembli rayonunda yerləşən "Fountain Studios" şirkətində aşkarlanıb.

Ssenarilər serialın dördüncü mövsümünün "The One with Ross's Wedding" ("Rossun toyunda biri") adlı sonuncu (23 və 24) hissələrinə aiddir.

("The One with Ross's Wedding" hissəsindən epizod)

"Hanson Ross" hərrac şirkətinin əməkdaşı Amanda Batler mətnlərin "mövsümün sonunun mediaya sızmaması üçün" məhv edildiyini bildirib.

Ssenarilərin sabah hərracda 600-800 funt sterlinq (1300-1800 manat) arasında satılacağı gözlənilir.

(Amanda Batler)

Məlumata görə, adı açıqlanmayan satıcı 1999-cu ilə qədər "Fountain Studios"da işləyib.

"Masamdakı əşyaları qutuya yığanda ssenarilərin də onların arasında olduğunu unutmuşdum. Onları uzun müddət çarpayımın yanındakı siyirtmədə saxladım. Bu ssenari mətnləri əsl "Friends" pərəstişkarının əlində olmalıdır", - o qeyd edib.

Xatırladaq ki, "Friends" serialı 1994-2004-cü illər ərzində ABŞ-nin "NBC" telekanalında yayımlanıb və bütün dünyada şöhrət qazanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Friends   serial   hərrac   ssenari  





Xəbər lenti