ABŞ Davosda Zelenskidən aydın hərbi plan tələb edəcək - "Bloomberg"

      ABŞ Davosda Zelenskidən aydın hərbi plan tələb edəcək -    "Bloomberg"
  11 Yanvar 2024    Oxunub:8391
Birləşmiş Ştatlar Ukraynanın Rusiyaya qarşı əks-hücum əməliyyatları ilə bağlı planını kəskinləşdirməyi tələb edir. Buna səbəb müharibənin artıq üçüncü ilinin başlanmasıdır.
Bu fikirlər Bloomberg-də dərc olunan məqalədəndir.

Vaşinqton rəsmilərinin bu məsələni Davosda keçirilən beynəlxalq iqtisadi forumda Vladimir Zelenskinin qarşısında qaldıracağı gözlənilir.

Kreml işğal etdiyi torpaqlara görə xeyli qurban verməyə hazırdır - "Foreign Affairs"
Xüsusən də ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Ukrayna prezidenti ilə ciddi müzakirələr aparacağı iddia olunur. Öz mənbələrinə istinad edən agentlik yazıb digər rəsmilər də qarşıdakı həftələrdə hazırlanacaq döyüş strategiyası üçün səylərini davam etdirəcəklər.

“Vaşinqtonun bu səyləri Ukrayna ilə onun ən mühüm müttəfiqi arasında yaranmış fikir ayrılığının son əlamətidir. Avropa və ABŞ-ın Kiyevə ayırdığı 110 milyard dollardan çox olan yardımlar hələ də ləngiyir. Ukraynanın keçən il ABŞ və Avropa silahları, təlimləri ilə ciddi şəkildə dəstəklənən əks-hücumları böyük irəliləyişlər əldə edə bilmədi", - məqalə müəllifi yazıb.

Bundan əlavə, Vaşinqton Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında Rusiyaya qarşı mübarizə strategiyasının işlənib hazırlanmasını ləngidən fikir ayrılıqlarından da narahatdır: "Yaxın aylarda həlledici irəliləyişin olması ehtimalı azdır. Kiyevin müttəfiqləri deyirlər ki, hazırkı mövqeləri müdafiə etmək və daha sonra Rusiyanın müdafiəsini yarmaq üçün aydın hərbi strategiyanın hazırlanması çox vacibdir".

Qeyd edək ki, bir neçə gün öncə “New York Times” Avropanın Ukrayna münaqişəsindən yorulduğunu yazmışdı.

Almaniyanın “Berliner Zeitung” qəzeti isə Ukraynanın 2024-cü ildə Qərb ölkələrinin yardımlarının azalacağı təqdirdə yeni ərazilər itirə biləcəyini yazıb.

Ötən ilin sonlarından isə Qərb mediasında Ukraynanın cəbhədə uğursuzluğa düçar olmasına dair silsilə yazılar dərc edilir. Hətta məşhur “The Guardian” qəzeti Vladimir Putinin Ukraynada artıq qələbə qazandığını yazmışdı. Məqalə müəllifinin fikrincə, bütün dünyanın diqqəti İsraillə Fələstin arasında alovlanmış müharibəyə yönəlib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   Zelenski   Plan  





Xəbər lenti