Avropa "qocalır": Miqrasiya leqallaşdırılır

   Avropa "qocalır": Miqrasiya leqallaşdırılır
  10 Yanvar 2024    Oxunub:2041
Avropa ölkələrində 65-dən yuxarı yaş qrupuna mənsub əhalinin sayı 1/3 səviyyəsinə doğru yüksəlməkdədir.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məsələyə dair narahatlığını bildirən Avropa Birliyinin daxili işlər üzrə komissarı İlva Yohanssonun sözlərinə görə, əhalinin sürətlə yaşlanması səbəbindən hər il bir milyon işçi qüvvəsi itirilməkdədir . Avropa ölkələrinin qanunsuz miqrasiya hallarına qarşı sərt tədbirlər gördüyü bir dövrdə xanım komissar problemin həllini məhz qanuni miqrasiyaya rəvac verilməsində, köç dalğalarının ciddi nəzarətə alınmasında, işəgötürmə prosesində işçilərin qabiliyyətlərinə uyğun qruplaşdırılmasında görür. O vurğulayır ki, əsasən Şərq ölkələrindən Avropaya üz tutan immiqrantlar burada işçi qüvvəsi çatışmazlığı ilə mübarizədə alternativ kimi dəyərləndirilə bilər. Ötən ilin noyabrında İlva Yohansson tərəfindən irəli sürülən "İstedad hovuzu" adlı proqram məhz miqrantlar arasında bu dəyərləndirmə və vakansiyalar üzrə qruplaşdırma işini həyata keçirəcək.

(Avropa Birliyinin daxili işlər üzrə komissarı İlva Yohansson)

Məlumata görə, Avropa Komissiyasında əmək qabiliyyətli əhali üzrə defisitin qarşısının alınması və qanuni miqrasiya məsələləri barədə islahatlar layihəsi hazırlanır. Yunanıstana səfəri çərçivəsində Komissiyanın sədr müavini Marqaritis Sxinasla görüşən xanım Yohansson fikir mübadiləsində sözügedən vəziyyətə və aparılan işlərə diqqət çəkib. Mətbuat konfransı zamanı problemin olduqca ciddi səviyyəyə çatdığını dilə gətirərək, ildə 1 milyon nəfər həcmində əksilən işçi kütləsini bərpa etmək üçün Avropa Birliyinin hər il bu nisbətdə qanuni immiqranta lazımi şəraiti yaratmalı olduğunu qeyd edib.

(Avropa Komissiyasının sədr müavini Marqaritis Sxinas)

Avropa Birliyində əhalinin yaşlanması xüsusilə tikinti, səhiyyə və İT sahələrində mütəxəssis əksikliyinə gətirib çıxarır. Problem təkcə ictimai və demoqrafik cəhətdən yox, əlbəttə, iqtisadi yöndən, dövlət büdcəsinə, pensiya həcminə, səhiyyə sisteminə mümkün təzyiq baxımından da narahatlıq doğrur. Ölkələr səviyyəsində problemin həlli yolları müxtəlif şəkildə qiymətləndirilir. Məsələn, Almaniya hökuməti mütəxəssis tələbatını təmin etmək məqsədilə miqrasiya qaydalarında sadələşdirmə həyata keçirir. İslahata əsasən, işə götürülən miqrantlar müvəqqəti yaşama icazəsi də əldə edəcəklər. "Bundestaq" üzvü, Almaniya Yaşıllar Partiyasının nümayəndəsi İren Mixaliç layihənin ölkədəki şirkətlər, habelə bələdiyyələr tərəfindən də məqbul qarşılandığını bildirib.

(Almaniya Yaşıllar Partiyasının nümayəndəsi İren Mixaliç)

İstər ayrı-ayrı dövlətlər, istərsə də Avropa Birliyi qanunsuz miqrasiyaya əngəlləmək, yaxud hərtərəfli nəzarətə götürmək naminə çoxsaylı tədbir görsə də, buraya müxtəlif və adətən, çətin yollarla gələn miqrantlarla əlaqədar xoşagəlməz hallar baş verir. Məsələn, ötən ilin iyununda Pakistan, Suriya, Fələstin, Misir və Əfqanıstan miqrantlarını daşıyan gəminin Yunanıstan yaxınlığında, İoni dənizində batması, yüzlərlə insanın həyatını itirməsi qanunsuz miqrasiya problemini yenidən gündəmə gətirmişdi. Hadisə ilə əlaqədar Yunanıstanda aksiya keçirənlər məsələ barədə sərt tədbirlərə qarşı etiraz bildirmişdilər. Belə hallar Avropada miqrantların, adətən, irqçiliklə, ksenofobiya ilə üzləşməsinə səbəb olur və Avropa Birliyini miqrasiya siyasətində islahatlar aparma ehtiyacına təkan verir.

(2023-cü ilin iyununda İoni dənizində miqrantları daşıyarkən batan "Adriana" adlı gəmi)

Ötən ay Avropa Parlamentində Birliyin sığınacaq və miqrasiya qanunlarını yenidən nəzərdən keçirmək üçün razılaşma islahatların gedişində mühüm hadisə idi . Avropa Parlamentinin sədri Roberta Metsola razılaşmanı "ən mühüm qanunvericilik paketi" kimi qiymətləndirirək, məmnunluğunu ifadə etmişdi.

(Avropa Parlamentinin sədri Roberta Metsola)

"Avropa bütün üzv dövlətlərdə eyni dərəcədə möhkəm qanunvericilik bazası əldə edəcək. Beləliklə, sığınacaq axtaranlara qarşı humanizm və ədalət prinsipləri daxilində, uyğun hesab edilməyənlərə qarşı sərt qaydalarla, həssas qrupu istismar edənlərə qarşı isə lazımi şəkildə rəftar ediləcək", - AP sədri vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: avropa   əhali   yaşlanma   miqrasiya   immiqrantlar  





Xəbər lenti