ABŞ Konqresində şatdaun üzrə razılaşma əldə olunub

   ABŞ Konqresində şatdaun üzrə razılaşma əldə olunub
  08 Yanvar 2024    Oxunub:1040
Amerikalı konqresmenlər şatdaundan (dayanmadan) qaçmaq üçün razılığa gəliblər.
AzVision.az “Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden hökumətin fəaliyyətini maliyyələşdirmək barədə Konqresdə razılaşmanım əldə edldiyini bildirib. Onun sözlərinə görə, bu razılaşma “lazımsuz” şatdaunun qarşısını alacaq.

“Konqres liderlərinin əldə etdiyi ikitərəfli maliyyə razılaşması bizi lazımsız şatdaunun (dayanmanın) qarşısını almağa və mühüm milli maraqları qorumağa bir addım yaxınlaşdırır”, - Co Baydenin bəyanatına istinadən Ağ evin dərc etdiyi məlumatda bildirilir.

Maraqlıdır ki, ABŞ hökumətinin bu il üçün nəzərdə tutulan 1,590 trilyon dollarlıq büdcəsinin 886 milyardını müdafiə (hərbi), 704 milyardını isə qeyri-müdafiə xərcləri təşkil edəcək.
Əslində, dünyaya özünü sülh carçısı kimi tanıtmağa çalışan ABŞ-nin dövlət büdcəsinin təxminən 55,7%-ni hərbi xərclərə yönəltməsi ciddi suallar doğurur.

Müqayisə üçün qeyd edək ki, gələn il Rusiyanın dövlət büdcəsində hərbi xərclərin həcmi təxminən 120 milyard dollar və ya 29,4% olacaq. Doğrudur, ötən illə müqayisədə bu 68% artım demək olsa da, ABŞ-nin hərbi xərclərindən təxminən 7,4 dəfə azdır.

Bu il üçün Çinin hərbi xərcləri barədə hələlik dəqiq məlumat olmasa da, ötən il bu sahəyə Pekin 225 milyard dollar xərcləyib.

Rusiya və Çinin üt-üstə hərbi büdcələrindən 2,5 dəfədən də çox hərbi xərclərə vəsait ayıran ABŞ məhz bu ölkələri qlobal təhlükəsizliyə təhdid və özünün əsas düşmənləri kimi qələmə verir.

Qeyd edək ki, şatdaun (dayanma) maliyyə çatışmazlığı səbəbindən ABŞ-da dövlət qurumlarının işinin dayandırılması deməkdir. Ötən ilin noyabrında Co Bayden Konqres tərəfindən 2024-cü il yanvarın 19-na kimi hökumətə müvəqqəti maliyyə ayrılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb. Lakin həmin qanunda Ukrayna, İsrail və Tayvana yardım nəzərdə tutulmayıb - bu məsələ ayrıca nəzərdən keçirilir. Bunun üçün isə 106 milyard dollar vəsaitin ayrılması planlaşdırılır.

Deməli, bu məsələ ilə bağlı da razılaşma əldə olunsa, onda cari il üçün ABŞ-nin hərbi xərclərinin həcmi 992 milyard dollara çata bilər.
Sahil İsgəndərov

AzVision.az


Teqlər: ABŞ   şatdaun  





Xəbər lenti