Ukrayna böhranı ABŞ-də prezident seçkilərinə necə təsir edəcək?

   Ukrayna böhranı ABŞ-də prezident seçkilərinə necə təsir edəcək?
  08 Yanvar 2024    Oxunub:1219
Ukrayna müharibəsinin ABŞ-də builki prezident seçkilərinə təsir edəcəyi gözlənilir. Bayden administrasiyası Kiyevə dəstəyi davam etdirmək üçün Konqresə təzyiqi artırmağa çalışsa da, seçicilər “Yardımlar dayandırılmalıdır” deyir.
AzVision.az "CNN Türk"ə istinadən xəbər verir ki, sorğulara əsasən, Bayden administrasiyasının Ukrayna ilə bağlı yardım israrları ona seçki prosesində baha başa gələ bilər.

Britaniyanın “The Telegraph” qəzetinin keçirdiyi sorğuya əsasən, seçicilər ABŞ-nin hazırkı hökumətinin Ukraynaya “kifayət qədər” dəstək verildiyini düşünürlər. Bu, 2024-cü il ABŞ prezident seçkilərində rəqibi Donald Trampa qarşı Baydenin əlini zəiflədə bilər.

Arizona, Florida, Corciya, Miçiqan, Şimali Karolina və Pensilvaniya ştatlarında aparılan sorğunun nəticələri göstərir ki, bu ştatlardakı seçicilərin ən azı 32 faizi Ukraynaya yardımın həddindən artıq çox olduğu qənaətindədir. Maraqlıdır ki, altı ştatda seçicilərin böyük əksəriyyəti (38-44 faiz) həmçinin "Donald Trampın 2020-ci il seçkilərində qalib gəlsəydi, Ukrayna müharibəsi başlamayacaqdı" arqumenti ilə çıxış edir. Keçmiş prezident Donald Tramp özü də bu barədə tez-tez bəyanatlar verir. Ötən gün Ayova ştatında baş tutan seçki mitinqində də fikrini təkrarlayan Tramp Baydeni Ukrayna müharibəsinin qarşısını ala bilməməkdə təqsirləndirib.

Belə proqnozlaşdırılır ki, seçicilər arasında ciddi müzakirələrə səbəb olan Ukrayna böhranı Bayden administrasiyasının fəaliyyət dairəsini məhdudlaşdıra bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti