2024-cü ilin yeni münaqişələri: Qazaxıstan hədəfdədir

   2024-cü ilin yeni münaqişələri:    Qazaxıstan hədəfdədir
  08 Yanvar 2024    Oxunub:1189
"2024-cü ildə dünyada yeni qaynar nöqtələr yarana bilər". Bu fikirləri hərbi analitik, Rusiya Hərbi Elmlər Akademiyasının baş elmi işçisi Vladimir Proxvatilov "Ura.ru"ya açıqlamasında deyib.
Ekspertin fikrincə, Yaxın Şərq və Mərkəzi Asiyada yeni münaqişələr yarana bilər. Xüsusən də, Qərb Qazaxıstanda dövlət çevrilişi planlaşdırır.

Qoşa münaqişə ili
“İki təhlükəli qaynar nöqtə var. Bunlar Yaxın Şərqlə Qırmızı dəniz, Cənubi və Mərkəzi Asiyadır. Qırmızı dənizdə İsrail və HƏMAS arasında artan hərbi münaqişə ilə bağlı ciddi təhlükə yaranıb. Husilər Süveyş kanalından keçməyə çalışan gəmiləri atəşə tuturlar. Bunun fonunda sığorta qiymətləri kəskin bahalaşıb. “Maersk” və “British Petroleum” kimi bir sıra iri şirkətlər Qırmızı dənizdən yox, Ümid burnu ətrafından keçəcəklərini bəyan ediblər. Bu isə dünya ticarətinə ciddi zərbədir. Belə davam edərsə, qlobal dəniz ticarətinin 20 faizə qədəri çökə bilər. Yəni gəmilər Afrika ətrafında hərəkət etməli olacaqlar ki, bundan da ən çox Avropa əziyyət çəkəcək

Mən Mərkəzi Asiyada ABŞ və Böyük Britaniyanın bütün istiqamətlərdə fəallaşması və Qazaxıstanı Rusiyadan qoparmağa çalışmasından narahatam. Qərbin 2022-ci ilin yanvar çevrilişini təkrarlamağa çalışacağını istisna etmirəm. İndi Amerika səfiri Daniel Rozenblum bütün Qazaxıstanı dolaşıraq region rəhbərləri ilə əlaqələr qurur. Ölkədə onların vasitəsilə vəziyyəti sarsıtmağa çalışacaqlar və prezident Qasım-Jomart Tokayev buna müqavimət göstərəcək.”, - Proxvatilov qeyd edib.

Qırğızıstanda da yeni inqilab riski var. Hərbi ekspert bu ölkədə vəziyyətin xeyli gərginləşdiyini söyləyib. Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev ölkəyə nəzarəti öz üzərinə götürüb: "Hələlik Daxili İşlər Nazirliyi və hərbçilər Rusiyanı dəstəkləyirlər. Lakin hər şey dəyişə bilər. Belə olsa, o zaman bütün Mərkəzi Asiya alovlanacaq”.

Qeyd edək ki, bir müddət öncə bəzi Rusiya telekanallarının Qazaxıstanda yayımını dayandırması barədə məlumat yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Münaqişə   Qazaxıstan  





Xəbər lenti