Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib
  07 Dekabr 2023    Oxunub:1211
Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycanın energetika naziri, komissiyanın Azərbaycan tərəfindən həmsədri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri, komissiyanın Britaniya tərəfindən həmsədri Lord Malcolm Offordun sədrliyi ilə keçirilən iclasda iki ölkənin müvafiq dövlət strukturlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Nazir Pərviz Şahbazov çıxış edərək Azərbaycanla Birləşmiş Krallığı ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətlərinin birləşdirdiyini, dövlətlərarası əlaqələrin, iqtisadi-ticari, enerji, siyasi, sosial və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın hazırkı yüksək səviyyəsi və gündən-günə yeni məzmunla zənginləşməsinin xüsusi məmnunluq doğurduğunu bildirib. Qarşılıqlı rəsmi səfərlər və görüşlərin əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığı, imzalanmış ikitərəfli sənədlərin əlaqələrimizin mütərəqqi inkişafı üçün əlverişli siyasi-hüquqi zəmin yaratdığı qeyd edilib. “Birləşmiş Krallıq Azərbaycanın ən iri xarici investor ölkəsidir və 1995-2023-cü ilin 6 ayı ərzində bu ölkədən Azərbaycana 35 milyard ABŞ dolları həcmində investisiya yatırımı olub, ondan 33 milyard ABŞ dolları neft-qaz sektorunun payına düşür. Qeyd olunan dövr ərzində Azərbaycandan Birləşmiş Krallığa 2 milyard ABŞ doları həcmində investiya yatırımı olub”- deyə nazir vurğulayıb.



Çıxışda Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində fəaliyyəti qeyd edilib, bu ərazilərin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfənin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. İki ölkə arasında enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyi haqqında danışılıb və bu əməkdaşlığın qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı bildirilib.

Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord isə çıxışında bildirib ki, Azərbaycanla Britaniya arasında illik ticarət əlaqələri 1,3 milyard funt sterlinq dəyərindədir: “Hər iki ölkədə təsərrüfat subyektləri üçün ticarətin sürətləndirilməsi və sadələşdirilməsi yolu ilə bu rəqəmi artırmaq əzmindəyik. Hökumətlərarası Birgə Komissiya ticarət və investisiya artımının daha çox və daha sürətlə stimullaşdırılması yollarını müzakirə etmək üçün platforma rolunu oynayır".



İclasda Hökumətlərarası Komissiyanın 5-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib, iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, mina fəaliyyəti və itkin düşmüş şəxslərin müəyyən edilməsi, təhsil, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit və iqlim dəyişikliyi sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekununa dair Protokol və Azərbaycanın “Bridge” şirkətlər qrupu ilə Britaniyanın “Concrete Canvas Limited” şirkəti arasında Eksklüziv Distribütorluq Müqaviləsi imzalanıb.

Komissiyanın 7-ci iclasının 2024-cü ildə London şəhərində keçirilməsi razılaşdırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti