Ceyhun Bayramov Lavrovla görüşüb

   Ceyhun Bayramov Lavrovla görüşüb
  05 Dekabr 2023    Oxunub:1634
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.
Görüşdə nazirlər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyini təsdiqləyiblər.

“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyi təsdiqlənib”,-görüşün yekunları üzrə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.

Tərəflər “ikitərəfli münasibətlərin aktual məsələlərinə” də toxunublar.

“Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlar müzakirə edilib”, - nazirlik əlavə edib.

“Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən “Xəzər beşliyi” çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - deyə Rusiya Xarici İşlər Nazirliyi yekunlaşdırıb.

Görüş Xəzəryanı Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Moskvada keçirilən iclası çərçivəsində baş tutub.

Xatırladaq ki, C.Bayramov dekabrın 4-də Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının bu gün Moskvada keçiriləcək iclasında iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti