Hər iki nəşrin mənbələri deyiblər ki, əslində sistemin operatorları zərbələr zamanı nə qədər mülki şəxsin öləcəyini əvvəlcədən bilirlər. 2021-ci ildə İsrail ordusundan təqaüdə çıxmış operatorlardan biri "The Guardian"a açıqlamasında söyləyib ki, zərbə endirməklə bağlı qərarın qəbulu zorakılığa digərlərinə nisbətən daha çox meylli olan komandirə həvalə edilir".
Keçmişdə bu sistemlə işləmiş şəxslərdən biri taktikanı konveyerə bənzədib: "Biz tez-tələsik işləyirik və qarşıya qoyulan məqsədə nail olmaq üçün dərindən araşdırma aparmağa vaxtımız olmur”. Nəşrin başqa həmsöhbəti isə qeyd edib ki, “Gospel” adlı Süni İntellekt sanki orduya keyfiyyətdən çox kəmiyyətə üstünlük verən “kütləvi qırğın fabriki”ni idarə etməyə şərait yaradıb.
Pentaqonun avtonom sistemlərilə yaxından tanış olan Ağ Evin keçmiş təhlükəsizlik rəsmilərindən biri isə "The Guardian" ilə narahatlığını bölüşüb: “Başqa dövlətlər Süni İntellektlə aparılan əməliyyatları izləyəcək və öyrənəcəklər!”
Bu yazıları da tövsiyə edirik:
Qəzzanın “qarışqa yuvası”, yaxud “Həmas”ın yeraltı dünyasının sirləri
Qəzza testi: Heç kim keçə bilmədi...
“Biz papadan artıq müqəddəs olmayacağıq” – İsrailli hərbçi (Eksklüziv)
Ekspertlər artıq döyüşlərdə Süni İntellektdən istifadə edilməsinin mülki itkiləri azalda biləcəyi tezisinə şübhə ilə yanaşırlar. Halbuki, əksinə ümid edilirdi...
Süni intellektin idarə etdiyi PUA öz operatorunu vurdu |
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) tədqiqatçısı Marta Boya görə operatorların “avtomatik qərarlar verən sistemlərə meyllənməsi halları arta bilər”. Bu cür təcrübələr Süni İntellektdən asılılığa gətirib çıxarır. Yəni operatorlar get-gedə mülki şəxslərə zərər vurma riskini öz düşüncələri ilə qiymətləndirmək qabiliyyətini itirəcəklər. İnsanlar "çətin qərarlara təsir edəcək süni sistemə həddindən artıq etibar etməyə başlayırlar".
İsrail ordusunun keçmiş komandanı Aviv Koçavi oktyabrın 7-də müharibə başlamazdan əvvəl diqqət çəkən müsahibə vermişdi. O deyib ki, İsrail ordusu il ərzində Qəzza zolağında cəmi 50 hədəf aşkar edib. Amma Süni İntellekt sistemi hərbçilərə hər gün yüz hədəfi müəyyənləşdirməyə imkan verir. “Süni intellekt son dərəcə ciddi risk yaradır. Dünya bu problemi həll etməli, ciddi tənzimləmələr yaratmalı, əsas nəzarət mexanizmlərini müəyyənləşdirməlidir”, - Koçavi gileylənib.
Qeyd edək ki, NATO-nun Avropadakı Silahlı Qüvvələrinin keçmiş baş komandanı, admiral Ceyms Stavridis “Bloomberg” üçün yazdığı məqalədə Süni İntellektin sürətlə inkişaf etməsindən gileylənmişdi. Onun sözlərinə görə, Sİ uzağı on ilə orduya əhəmiyyətli təsir göstərəcək.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket ataraq “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı qısa zamanda İsrail ərazisinin bir qismini işğal edərək hərbi texnikaları və 200-dən çox insanı girov götürüb. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqladı. Daha sonra İsrail Müdafiə Qüvvələri “Dəmir Qılınclar” adlı cavab əməliyyatına başladı.
“The Times of Israel” baş nazirə istinad edərək cavab tədbirlərinin əsas məqsədlərini açıqladı. Məlum oldu ki, İsrailin HƏMAS-la müharibədə ilk məqsədi hücuma məruz qalan əraziləri təmizləməkdən ibarətdir. Bura HƏMAS-ın tam məhv edilməsi də daxildir.
İsrail bölgəyə zərbələr endirməyə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 16 mini keçib. 35 mindən çox insan isə yaralanıb.
Bir neçə gün öncə isə tərəflər atəşkəs haqqında razılaşma əldə etdilər. Yalnız bundan sonra girov və əsirlərin mərhələli şəkildə azad edilməsinə başlanıldı.
Tural Tağıyev
AzVision.az