Nazarbayevin məhəbbət macərası: "Onun alovlu gözlərini və fiqurasını unuda bilmirdim"

 Nazarbayevin məhəbbət macərası:   "Onun alovlu gözlərini və fiqurasını unuda bilmirdim"
  30 Noyabr 2023    Oxunub:2027
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı xatirələr kitabında ikinci ailəsi olduğunu etiraf edib. Bu barədə Qazaxıstanın Orda.kz portalı yazır.
Kitab tezliklə satışa çıxacaq, lakin hələlik ilk nüsxələri siyasətçilər, ekspertlər və jurnalistlər alıb.Kitabda respublikanın birinci prezidentinin həyatının siyasi və şəxsi tərəflərinə toxunulur.

“Mənim həyatım”ın ayrıca fəsilləri 2019-cu ildə ölkədə hakimiyyətin transferinə həsr olunub və orada Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayevin də adı çəkilir.

Kitabdan fraqmentləri portala təqdim edən politoloqun sözlərinə görə, xatirələrdə yeni açıqlamalar, etiraflar və ya sadəcə məlumat yoxdur, amma ilk dəfə olaraq ikinci ailəsi- Asel İsabayeva və iki oğlu ilə bağlı etiraflar var:

- Bir gün mənim Taldıkorqana səfərim oldu. Dövlət başçısının bölgələrə işgüzar səfərləri zamanı onu təyyarənin pilləkənlərində gül-çiçək dəstələri ilə qarşılayırlar. Məlumdur ki, belə bir mərasimdə iştirak etmək üçün ən gözəl yerli qızlar seçilir. Çoxdandır adət etdiyimiz gözəl ritual. Amma həmin hadisə xüsusi təəssürat yaratdı. Hava limanında mənə gül verən qız heyrətamiz dərəcədə gözəl idi. Mən uzun müddət onu alovlu gözlərini, zərif fiqurasını xatırladım.



Bir müddət keçdi. Taldıkorqan hava limanında məni qarşılayan o gözəl qızın obrazı yaddaşımda dönə-dönə canlandı. Bir gün birdən onu tapmaq üçün bir səbəb ortaya çıxdı.

Qəzet oxuyurdum, birdən diqqətimi bir məqalə çəkdi: Astanada “Miss Qazaxıstan” gözəllik yarışması keçirilirdi və həmin qız (adı Aseldir) Qran-prini qazanmışdı...Artıq onu tapmaq çətin deyildi.

Tanışlığımız böyüyüb qarşılıqlı rəğbətə, bu, isə yaxınlığa çevrildi. Yavaş-yavaş görüşməyə başladıq. Aselin istər xarici görünüşündə, istərsə də düşüncələrində axtardığım bir çox xüsusiyyətləri gördüm. Ən əsası isə illərdir davam edən mənəvi tənhalıqdan qurtuldum.
Müsəlman adətinə görə evləndik. Asel mənə iki övlad verdi - iki şanlı oğul. 2005-ci ildə Tauman, 2008-ci ildə isə Bayken anadan olub.



Atalıq sevinci, balamı öpmək xoşbəxtliyi altmış beş yaşımda yenidən mənə qayıtdı. Körpələrimin ilk addımları, ilk sözləri, qucağıma almam, oyuncaqlarının sehrli dünyası, ilk dəfə birinci sinfə getmələri, oxuyub yazdıqları ilk hərflərin həzzi, işdən sonra evə girəndə səs-küylü mənə doğru qaçışları- bütün bunlar sanki paytaxt quruculuğu dövrünün sıxıntılarını yüngülləşdirirdi. O günləri, illəri yada salıb, incəliklə düşünürəm. Ümumiyyətlə, həyatda ən vacib şeyi, ən həqiqi və davamlı xoşbəxtliyi insana ancaq övlad verə bilər.

Eks-prezidentin 1962-ci ildə ailə qurduğu həyat yoldaşı Sara Nazarbayevanın ərinin ikinci arvadı və uşaqları haqda məlumatı olub.

-Gənc yaşlarımdan dayağım olan, ən çətin sınaqların saatlarında yanımda olan üç qızımın - Dariqa, Dinarə və Aliyənin anası Sara xanıma bütün ömrüm boyu minnətdarlıq və qayğı ilə yanaşmışam. Bu çətin həyatda , taleyimin o dönüş nöqtəsində Sara məni başa düşüb bağışladı.

Tauman doğulandan sonra Almatıya gəlib ondan üzr istəyəndə və hər şeyi olduğu kimi danışanda, hörmətli sülalənin bu nümayəndəsi yenidən nəciblik nümayiş etdirdi.

“Körpə mələkdir. Qoy uşaq xoşbəxt olsun”, - Sara o zaman dedi. Qızlarım da məni düzgün başa düşdülər.



Belə bir hal hər bir qadın üçün ağır sınaqdır, amma Sara Alpısovnanın səxavətinin təbiəti mənə məlumdur.

Saranın babası Sarıarkada Konakai adlı məşhur bay olub. Onun birinci həyat yoldaşından oğlu olmayıb. Evliliklərinin artıq yeddinci onilliyində birinci həyat yoldaşı Konakai kişini gənc qızla evləndirib. Xoşbəxtlikdən bir oğlu dünyaya gəlib, adını Alpis qoyublar. Kim bilir, bəlkə də, Sara əcdadlarının o çoxdankı adət-ənənəsini xatırlayıb və ona görə də tamamlanmış faktı geniş ruhla qəbul edib?.. Hər halda, onsuz da yorğun olan ruhumu incitməyə tələsmirdi. Ümumiyyətlə, uşaqlarımın hamısına eyni münasibəti göstəirəm, istər oğlan, istər sə də qız olsun. Qızlarımı çox sevirəm. Onlardan doğulan nəvələri isə (qazaxların etnomədəni ənənəsinə zidd olaraq) eyni tamhüquqlu nəvələr hesab edirəm. Oğul isə soyadın varisi və davamçısıdır. İndi iki oğlum böyüyüb. Onlar bizi sevindirir və yaxşı oğlanlar kimi böyüyürlər. Uşaqları sevgi və qayğı ilə böyütməklə insan ömrünü uzadır.

Budur, dostlar. Mən bütün həqiqəti sizin qarşınıza çıxardım. Buna nə deyəcəyiniz sizə bağlıdır. Bu həyatdır.

Təkzibedilməz bir həqiqət var. Həqiqət budur ki, ürəyinizə əmr edə bilməzsiniz.


Şahanə Rəhimli
AzVision.az


Teqlər: NursultanNazarbayev   Qazaxıstan   prezident   sevgi   etiraf  





Xəbər lenti