"Şahdağ" Avrasiya Dağ Kurortları Alyansının üzvü olub

  "Şahdağ" Avrasiya Dağ Kurortları Alyansının üzvü olub
  16 Noyabr 2023    Oxunub:1207
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Daşkənd Beynəlxalq Turizm Sərgisi (Tashkent International Tourism Fair 2023) çərçivəsində “Şahdağ” Turizm Mərkəzi ilə Avrasiya Dağ Kurortları Alyansı arasında əməkdaşlığa dair anlaşma memorandomu imzalanıb. Sənədə əsasən Şahdağ yeni yaranmaqda olan Alyansın üzvü seçilib.
Avrasiya Dağ Kurortları Alyansı arasında əməkdaşlıq haqqında memorandumu “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov imzalayıb.

Sənəd dağ kurortları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, Alyansa üzv ölkələrdə turizm mərkəzlərinin təşviq edilməsinə, eləcə də kombo turların hazırlanmasına, idman yarışlarının keçirilməsinə və birgə təlimlərin təşkilinə imkan yaradacaq.

Tədbirdə çıxış edən Rüstəm Nəcəfov Alyans üzvlərinə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyət istiqamətləri, kompleks ərazisində yerləşən hotellər və turizm xidmətləri, eləcə də əyləncə növləri haqqında ətraflı məlumat verib.

Xatırladaq ki, Avrasiya Dağ Kurortları Alyansı bu ilin iyun ayında təsis edilib. Alyansa Rusiyanın “Roza Xutor”, Qazaxıstanın “Şımbulak” və Özbəkistanın “Əmirsoy” Dağ Kurortları daxildir. Bu ilin oktyabr ayında Rusiya Federasiyasının Soçi şəhərində baş tutan “Turizm ərazilərinin forumu” tədbiri çərçivəsində adı çəkilən dağ kurortları ilə “Şahdağ” Turizm Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair ilk müzakirələr keçirilmiş, vahid Avrasiya dağ marşrutlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparılmışdı.

Qeyd edək ki, 15-17 noyabr tarixləri arasında Özbəkistanda keçirilən Daşkənd Beynəlxalq Turizm Sərgisində (Tashkent International Tourism Fair 2023) “Şahdağ” Turizm Mərkəzinin turizm imkanları tanıdılır.
AzVision.az



Teqlər:





Xəbər lenti