Nazir: "Son 20 ildə ÜDM 4 dəfə artıb"

      Nazir:    "Son 20 ildə ÜDM 4 dəfə artıb"
  15 Noyabr 2023    Oxunub:964
"Qlobal çağırışlar fonunda ölkə iqtisadiyyatında bir çox ölkələrlə müqayisədə müsbət nəticələrə nail olunması, məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modeli ilə şərtlənir. Son 20 il ərzində Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 4 dəfə, adambaşına düşən ÜDM isə 3.2 dəfə artıb".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədrinin müavini Dayanıqlı İnkişafa dair II Bakı Forumunda çıxışı zamanı Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, ölkədə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, xüsusilə uğurlu sənayeləşmə siyasəti, sahibkarlığın inkişafı iqtisadiyyatın davamlı və dayanıqlı inkişafına öz töhfəsini verməkdədir.

"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bir sıra strateji nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Sosial-iqtisadi inkişaf strategiyamızda da ölkəmizin regional HUB-a və e-ticarət mərkəzinə çevrilməsi nəzərdə tutulur".

Nazir bildirib ki, azad edilmiş torpaqlarımızın reinteqrasiyası, həmin ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası iqtisadi potensialımızın artmasına geniş imkanlar vəd edir.
"Bu istiqamətdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilərkən BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir. Regionda fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. Bütün bunlar isə iqtisadi fəaliyyətin canlanmasına və nəticə etibarilə milli prioritetlərimizin, eləcə də DİM-lərin reallaşdırılmasına stimul verəcək.

Ancaq azad edilmiş torpaqların reabilitasiyasına mane olan əsas məqam bu ərazilərin minalanmasıdır. Məhz bu amil bu ərazilərdə iqtisadi dirçəlişin əsasını təşkil edən çox istiqamətli layihələrin icra prosesini ləngidir. Bu istiqamətdə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib. 18-ci DİM 5 hədəf və 15 göstəricidən ibarətdir. Bu hədəflər ərazilərin təmizlənməsi, torpaq sahələrinin iqtisadi fəaliyyətə cəlb olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsidir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti