Yunanıstanla münasibətlərin görünməyən tərəfləri – TƏHLİL

Yunanıstanla münasibətlərin görünməyən tərəfləri – TƏHLİL
  16 İyun 2014    Oxunub:1702
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana səfər edib. Əslində Azərbaycanın Yunanıstanla münasibətləri göründüyündən daha dərindir. Yunanıstan Azərbaycanın Avropa bazarına daxil olması, şaxələnməsi, tədricən Avropa iqtisadi və siyasi həyatında təsirli qüvvəyə çevrilməsində açar ölkə rolunu oynayır.

Azərbaycan tərəfindən Avropaya daxil olmaq üçün məhz Yunanıstanın seçilməsi heç də təsadüfi deyil. Bu seçimi şərtləndirən bir sıra səbəblər mövcuddur. Azərbaycan prezidenti İlham Əliyevin mərhələ-mərhələ etdiyi taktiki gedişləri Azərbaycanı gələcək on il ərzində Avropanın əsas enerji təminatçısına çevirəcək. Bu isə ölkəmizin Avropada əsas söz sahiblərindən birinə çevrilməsi anlamına gəlir.

Azərbaycan ilkin olaraq Yunanıstanın daxili qaz təchizatını təmin edən DESFA şirkəti ilə maraqlanmağa başladı. Satışa çıxarılmış DESFA şirkətinin səhmlərinin alınmasına Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə yanaşı, Rusiyanın Qazprom və Sintez şirkətləri də maraq göstərirdilər. Yunanıstan şirkətinə olan maraq onunla əlaqədar idi ki, Rusiya Qara dənizin dibi ilə çəkməyi planlaşdırdığı “Cənub axını” qaz kəməri Bolqarıstana, buradan isə Yunanıstana uzanacaqdı. Buna görə, Yunanıstanın qazpaylayıcı sistemində paya sahiblənmək faktiki Avropaya qaz paylamaq səlayittlərini əldə etmək anlamına gəlirdi.

ARDNŞ ilə Qazpromun DESFA uğrunda mübarizəsi yekunda AB-nin Azərbaycana dəstək verməsindən sonra SOCAR-ın qələbəsi ilə yekunlaşdı. Keçən il SOCAR DESFA şirkətinin 66 faiz səhmlərini 400 milyon dollara aldı. Azərbaycan Rusiya ilə Avropanın sərinləyən münasibətlərindən vaxtında istifadə edə bildi. Qeyd etmək lazımdır ki, Yunanıstan ilkin mərhələdə şirkətin Rusiyaya satılmasına üstünlük verirdi. Çünki Moskva “Cənub axını” kəmərini Yunanıstan ərazisindən keçirəcəkdi. Azərbaycan qazını Avropaya nəqlini həyata keçirəsi olan “Nabukko Uest” layihəsində isə qaz kəmərinin Bolqarıstana, oradan Rumıniyaya, Rumıniyadan isə Macarıstana çəkilməsi nəzərdə tutulurdu. Yəni Yunanıstan bu layihədə yer almırdı.

Lakin vəziyyət birdən-birə kardinal şəkildə dəyişdi və Azərbaycan özünün müəllifi olduğu TANAP-TAP layihəsini irəli sürdü. Yeni layihəyə əsasən qaz kəməri Türkiyədən birbaşa Yunanıstana çəkiləcək, buradan isə İtaliyaya uzanacaq. TAP Yunanıstan üçün daha cəzbedici göründüyü üçün Afina SOCAR-la əməkdaşlığa üstünlük verdi və beləliklə, sırf hüquqi baxımdan TAP “Cənub axını”ndan daha tez Avropaya daxil oldu.

DESFA şirkəti Yunanıstanın qaz nəql edən DEPA şirkətinin törəməsidir. DEPA şirkəti İtalyanın “Edison SPA” və Türkiyənin “BOTAŞ” şirkətləri ilə birlikdə Türkiyə-Yunanıstan-İtaliya (TGİ) qaz xəttinə sahibidirlər. Bu xəttin Türkiyə Yunanıstan hissəsi tikilib başa çatsa da, Yunanıstan-İtaliya hissəsi hələ də başa çatmayıb. SOCAR DEPA şirkətində pay sahibinə çevrilməklə bu kəmərə də pay almaq hüququ əldə etmiş olur. SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin bu layihədə pay almaq niyyətində olduğunu öz açıqlamalarında daha əvvəl bildirmişdi.

Ümumiyyətlə Azərbaycanın Yunanıstanın qaz nəqliyyatı sistemində fəaliyyətini daha da genişləndirəcəyini əminliklə söyləmək olar. Məsələn SOCAR DEPA şirkətindən də pay ala bilər, yaxud Yunanıstan dövləti ilə birgə yeni qaz nəqliyyatı şirkətinin yaranmasında maraqlı ola bilər. Belə olan halda Yunanıstana Türkiyədən daxil olan qazın məhz bu ölkədən Avropa ərazisinə şaxələndirilməsi mümkündür. Bu, Yunanıstana əlavə gəlirlər vəd edir və eyni zamanda Avropada mövqeyini gücləndirir. Paralel olaraq Azərbaycan da bu üstünlüklərdən yararlana biləcək. Güman etmək olar ki, prezidentlərin görüşündə bu məsələlər əsas müzakirə mövzusuna çevriləcək və böhranla üzləşmiş Afina Bakının təkliflərindən məmnun qalacaq. Azərbaycan Yunanıstanın qaz nəqliyyat sistemində pay sahibinə çevrilməklə əsas ixracatçı olmaqla yanaşı, nəql yollarına nəzarəti də əldə edəcək.

Yaranmış vəziyyət Rusiyanın Avropanın cənubuna qaz nəql etmə planlarını sual altına qoyur. Ukarayna hadisələrindən sonra AB-nin “Cənub axını” layihəsinə isti münasibət göstərməməsi Moskvanı çıxılmaz vəziyyətdə qoyub. Rusiya bəyan edib ki, AB-yə üzv olmayan dövlətlər, yəni Türkiyə vasitəsilə “Cənub axını” xəttini çəkəcək. Əgər bu xətt birbaşa Türkiyəyə çəkilərsə Rusiya Azərbaycanın müəllifi olduğu TANAP-a qoşulmalı olacaq. Əgər Qara dənizin Türkiyə sektoru ilə Bolqarıstana çəkilərsə Yunanıstana daxil olduqda bu dəfə TAP-a qoşulmalı olacaq. Rusiya faktiki olaraq Avropanın cənubuna daxil olmaq üçün Türkiyə və Azərbaycanla əməkdaşlıq etmək məcburiyyətində qalacaq.

Azərbaycanla Yunanıstan bir sıra digər sahələrdə də iş qurmaları mümkündür. Məsələn Yunanıstan öz neft emalı zavodlarında xammal kimi məhz “azeri light” markalı neftdən istifadə etmək istəyir. Bundan əlavə Yunanıstan və Kipr adasının yunan hissəsinin şelfində zəngin neft və qaz yataqları mövcuddur. Azərbaycanın Yunanıstanla birgə bu ərazilərdə geoloji kəşfiyyat və gələcəkdə hasilat işləri aparması mümükündür.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti