Türkiyə müharibəyə çəkilir – TƏHLİL

Türkiyə müharibəyə çəkilir – TƏHLİL
  14 İyun 2014    Oxunub:1582
İraqın şimalında yerləşən və ölkənin ikinci ən iri şəhəri olan Mosul İŞİD (İraq Şam İslam Dövləti) adlanan terror qruplaşması tərəfindən ələ keçiriləndən sonra dünya yeni ciddi problemin ortaya çıxdığını anladı. Mosul əyaləti 17-ci əsirdən 1918-ci ilə kimi Osmanlı İmperiyasının tərkibində olub, sonradan Böyük Britaniya tərəfindən işğal edilib. Türkiyə uzun illər Mosulu özünə qaytarmaq üçün Britaniya ilə danışıqlar aprsa da uğur əldə edə bilməyib, 1926-cı ildə imzalanmış Ankara müqaviləsindən sonra bu ərazinin müstəqillik qazanmış İraqa verilməsilə razılaşıb.

Mosul əhalisinin əksəriyyətini türklər və müsəlman kürdlər təşkil edir. Türklər Mosulu hələ də öz ərazisi kimi qəbul edir və əyalət əhalisinin hüquqlarının qorunmasını öz hökumətlərindən tələb edirlər. Üstəgəl, Mosulda Türkiyə nümayəndəliyinə hücumun həyata keçirilməsi dövlətə qarşı müdaxilə kimi qəbul olunur və milli qürur hisslərinə toxunur. Məhz bu səbəblərdən Türkiyə əhalisi ölkə rəhbərliyindən qətiyyətli addımların atılmasını gözləyirlər.

Prezident seçkiləri ərəfəsində olan Ərdoğan hökuməti Mosul hadisələri ilə ciddi imtahana çəkilir. Bu imtahan demək olar ki, Ərdoğanın Çankayaya köçmək məsələsini həll edə bilər. Bu, həm də mühüm geosiyasi layihələrin başlanğıc nöqtəsində olan Türkiyə üçün də sınaqdır.

Hadisə ilə bağlı bir neçə versiya irəli sürülə bilər.

İlkin ehtimal ondan ibarət ola bilər ki, olayların arxasında artıq kifayət qədər güclü regional oyunçu hesab olunan Səudiyyə Ərəbistanı dayanır. İŞİD təşkilatı 2006-cı ildə formalaşdırılmış qruplaşmadır, sunni-sələfi dini təriqətinin tərəfdarıdır və İraq ilə Suriya ərazilərində şəriət qanunlarına uyğun idarə olunacaq dövlətin yaradılmasına çalışır. Faktiki İŞID-ın maraqları ilə Səudiyyə Ərəbistanının maraqları üst-üstə düşür desək, yanılmarıq.

Ümumiyyətlə, Yaxın Şərqdə sünnilərlə şiələr arasında İraq, Suriya və Livan dövlətlərinin ərazilərinin formalaşdırdığı dəhliz uğrunda uzun illər mübarizə gedir. Səudiyyə Ərəbistanı İŞİD-ın könəyi ilə bu əraziləri öz nəzarətinə keçirmək istəyə bilər və hatta gələcəkdə İraqın bir hissəsi ilə Suriyanı birləşdirməklə özünə tabe olan yeni dövlət yaratmaq niyyətində ola bilər. Necə ki, İran “Hizbullah” təşkilatı vasitəsilə Livanı, Bəşər Əsəd vasitəsilə Suriyanı nəzarətdə saxlayırdı.

Türkiyəni müharibəyə cəlb etməklə Səudiyyə Ərəbistanı regionda sabitliyin pozulmasına nail olur. Bu isə İran və İraqın Türkiyə vasitəsilə Avropaya neft və qaz ixrac etmək planlarını alt-üst edir. İraqın baş naziri Nuri əl-Maliki şiədir və İran rəhbərliyi ilə xüsusi isti münasibətləri mövcuddur. Qeyd edək ki, ilkin planda İranla İraq Suriya ərazisindən Livana, oradan isə Aralıq dənizinə çıxmaqla qaz ixrac kəməri çəkməyi planlaşdırırdılar və hətta bu barədə müqavilə də imzalanmışdı. Lakin Suriyada vətəndaş müharibəsinin başlaması bu planları pozdu. Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı müxalifətin apardığı mübarizəyə dəstək verir. Lakin Suriyada qarşıdurmanın olması ərəblərin də Aralıq dənizinə çıxışının qarşısını alır. İranın isə Türkiyə vasitəsilə Avropaya çıxış əldə etməsi təbii ki, ərəbləri narazı salır.

Ehtimal oluna bilər ki, Amerika da bu oyunda maraqlı olsun. Vaşinqton Yaxın Şərqdə müstəqil siyasət həyata keçirməyə çalışan və qərbin təzyiqlərinə baxmayaq Rusiya ilə əməkdaşlığı davam etdirən Ərdoğanın hakimiyyətdə qalmasını istəməyə bilər. Ərdoğan bu situasiyada hər ikisi uğursuzluğa aparan yol ayrıcında qalıb. Mosula hücum etməsə ictimai qınaqla üzləşəcək, hücum edərsə isə ölkəni müharibə bataqlığına sala bilər. Hər iki vəziyyətdə AKP elektoratını itirmək təhlükəsi ilə üzləşir.

Digər tərəfdən hadisədən Ərdoğan hökuməti uduşlu da çıxa bilər. Terrorçuların nəzarətində olan tarixi türk torpaqlarının türk əsgəri tərəfindən azad olunması və Mosula türk bayrağının asılması Ərdoğana prezident seçkilərində inamlı qələbə üçün yetərlidir. Hətta düşməkdə olan siyasi reytinqinin hələ uzun illər yüksək səviyyədə saxlamasına imkan yaradacaq faktordur. Ola bilər ki, məhz buna görə Türkiyə tələsik NATO və BMT-ə müraciət edir ki, sonra beynəlxaq icmanın qınağı ilə qarşılaşmasın.

Türkiyə üçün Mosulu geri almaq üçün geosiyasi cəhətdən də mümbit şərait yaranıb. Rusiyanın Krımı ilhaq etməsi belə bir prisident artıq ortaya qoyub. Buna görə Rusiya Türkiyənin hücumuna qarşı çıxmayacaq.

Mosul faktiki terrorçuların nəzarətindədir və İraq hökumətinin nəzarətindən çıxıb və qonşu Türkiyə üçün təhlükə mənbəyinə çevrilib. Bu eyni zamanda Türkiyə ərazisindən Avropaya İran, Azərbaycan və Türkmənistan qazını nəql edəcək kəmərə təhlükənin olması anlamına gəlir. Odur ki, Amerika və Avropa kəmərin təhlükəsizliyi naminə Ankaranın Mosulu ələ keçirməsinə göz yumacaq. Yəni Mosulun özünə birləşdirilməsini Türkiyə üçün leqallaşdırmaq daha asan olacaq.

Tofiq Əsgərov
AzVison.az üçün




Teqlər:





Xəbər lenti