Azərbaycan idmançıları ilk gündə 4 medal qazanıblar

Azərbaycan idmançıları ilk gündə 4 medal qazanıblar
  25 Oktyabr 2023    Oxunub:1131
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə start verilib.
AzVision.az -ın məlumatına görə, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Bir nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb.

İki nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark Nikulov - İman Həsənov cütlüyü finişə birinci çatıb. Nihad Quliyev - Şahin İsayev dueti isə üçüncü olub.

Bir nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların yarışında Cahangir Məmmədli ikinci yeri tutub.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Qalib idmançılar diplom və medallarla mükafatlandırılacaqlar.

AzVision.az



Teqlər:





Xəbər lenti