Qarabağın qazaxıstanlı şəhidi

// Azərbaycan torpaqlarının azadlığı uğrunda canını qurban verən 20 yaşlı qazax gənci haqqında kitab-albom nəşr edilib

   Qarabağın qazaxıstanlı şəhidi
  25 Oktyabr 2023    Oxunub:1814
Birinci Qarabağ müharibəsində müxtəlif ölkələrdən olan, xalqımıza dost və qardaş münasibəti bəsləyən insanlar da könüllü iştirak ediblər. Onlardan biri də Qazaxıstandan gəlib, Azərbaycan Ordusunun sıralarına qoşulan və Tərtər-Ağdərə istiqamətində şücaətlər göstərən iyirmi yaşlı Yerbol Barımbetov olub. 1992-ci ilin aprelində düşmənlə qeyri-bərabər döyüşdə həyatını itiriən qazax gəncin məzarı Bakıda İkinci Fəxri xiyabandadır.
Yerbolun qəhrəmanlığından öz ölkəsi və ailəsi çox gec xəbər tutub. Yalnız 28 il sonra ailə üzvləri onun kəşfiyyat tağımının komandiri kimi Qarabağda işğalçılara qarşı döyüşdüyünü, şəhid olduğunu və Azərbaycan paytaxtının müqəddəs ziyarətgahlarından birində dəfn edildiyini öyrəniblər.

Hünərvər gəncin şərəfli ömür və döyüş yolu, həmçinin keçmiş Qarabağ münaqişəsinin tarixi, xalqımızın işğalçılara qarşı mübarizəsi haqqında qazax yazıçısı Nasiha Humarqızının “Yerbol – Qarabağ şəhidi” kitab-albomunda ətraflı məlumat verilir. Kitab-albom bu il Qazaxıstanda 3 dildə - qazax, rus və Azərbaycan dillərində nəşr edilib.


Kitabın nəşrini Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamı Amil Yusifov maliyyələşdirib. Belə ki, xalqımızın haqlı mübarizəsində Yerbolun fəal iştirak etdiyini, əsil türk övladı kimi öz qan qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı döyüşdüyünü və qəhrəmancasına şəhid olduğunu eşidən vətənpərvər həmyerlimiz müəlliflə əlaqə saxlayaraq kitab-albomun nəşri ilə bağlı bütün xərcləri öz öhdəsinə götürüb. Məhz Amil Yusifovun dəstəyi sayəsində kitab-albom yüksək keyfiyyətlə hazırlanlıb və oxuculara təqdim olunub. Kitab-albomda real faktlara, sənədlərə, şəhidin döyüş yoldaşlarının xatirələrinə istinad edilib, çoxsaylı fotoşəkillər verilib.

Bir neçə gün əvvəl Qazaxıstanın Almatı şəhərində kitab-albomun təqdimat mərasimi keçirilib. Məraimdə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatadakı səlahiyyətli nümayəndəsi, Türkiyənin və Azərbaycanın baş konsulları, səfirliyin diplomatları, Qazaxıstan Parlament Məclisinin deputatı, azərbaycanlı soydaşlarımız və ziyallılar iştirak ediblər.


Şəhid Yerbol Barımbetovun ailəsinə Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyəddin Həsənov və azərbaycanlı iş adamı Amil Yusifov adından mənzil hədiyyə olunub. Tədbirin sonunda Amil Yusifov “Ər Namusu” İctimai Birliklər Şurasının “Böyük Döyüş Qəhrəmanı” ordeni və türk dünyasının ağsaqqllarından biri - Qazaxıstanın Əmək Qəhrəmanı, “Şərəf” ordenli, Xalq yazıçısı və şair, Azərbaycan xalqının yaxın dostu Oljas Süleymenovun kitabın nəşri ilə bağlı təşəkkür məktubu təqdim edilib.

Görkəmli ədib yazır:“Hörmətli Amil Turab oğlu, icazə verin, bəşəriyyət tarixinə göstərdiyiniz misilsiz diqqətə və isti münasibətə, dəstəyə və köməyə görə Sizə dərin və səmimi təşəkkürümü bildirim.


Qarabağ şəhidi Yerbol Barımbetovun taleyinə həsr olunmuş bu bənzərsiz kitabın nəşri oxuculara Azərbaycan xalqının öz ərazilərinin bütövlüyü və birliyi uğrunda mübarizəsinin səbəblərini dərindən və ətraflı öyrənmək imkanı verəcək. “Yerbol – Qarabağ şəhidi” kitabının səhifələrindən hər kəs Azərbaycan xalqı, onun hünəri, yenilməzliyi, vətənpərvərliyi haqqında bilgi alacaqdır. Sizin dəstəyiniz sayəsində dünya möhtəşəm bir xalqın mübarizəsindən xəbər tutacaq, münaqişələrsiz və müharibələrsiz dünya qurmaq barədə düşüncək... Sizin səxavətli sponsorluğunuz sayəsində yazılmış kitab təkcə keçmişə abidə deyil, həm də gələcək anlaşmaya və birliyə körpü olacaqdır. Bu əhəmiyyətli layihədə gərəkli iştirakınıza görə çox sağ olun!”


Teqlər: Qarabağ   Şəhid  





Xəbər lenti