Sualtı dünyanın azərbaycanlıları – MÜSAHİBƏ + FOTOLAR

Sualtı dünyanın azərbaycanlıları – MÜSAHİBƏ + FOTOLAR
  13 İyun 2014    Oxunub:4303
Dayvinq – sanki alpinizmin əksidir: alpinist yuxarı qalxırsa, dayver aşağı enir. Alpinizm də, dayvinq də idman olmadığı üçün burada qızıl medal, birinci yer yoxdur. Hər ikisi həyat tərzidir. Dağ varsa – qalxmalısan, dərinlik varsa – enməlisən. Bu, insana bir qüvvə verir. `Bizi həmin qüvvə idarə edir` - bunu AzVision.az-a müsahibəsində `Dolphin Baku NDL` dayvinq mərkəzinin təlimatçısı Rauf Zeynalov deyib.

Bu mərkəzin ən maraqlı tərəfi odur ki, alpinizmlə dayvinqin birləşməsindən yaranıb: yüksəklərdə yerləşən göllərin dərinliyinə enməklə məşğuldurlar. Mərkəz Alpinizm Federasiyasının nəzdindədir.

Misir səfərini sona çatdıraraq Bakıya yenicə qayıdan dayverlərlə görüşümüz federasiyada baş tutdu. «Dolphin Baku NDL» dayvinq mərkəzinin təlimatçısı Rauf Zeynalov bizi komandaya daxil olan dayverlərlə tanış etməklə söhbətə başladı.

Ruslan Məmmədovun peşəsi fotoqrafdır. Çox gözəl fotoları var. Panorama fotoqrafiyası ilə məşğuldur. Dayvinq kursundan əlavə sualtı fotoqraf kursuna başlayıb. Ada proqramçıdır. Salman isə hovuzda xilasedici işləyir. Arif Sultan çox yaxşı həkimdir, 5 ildir ki, dayvinqlə məşğuldur.

Dayvinq bir neçə hissəyə bölünür: hərbi, industrial və həvəskar dayvinq. Hərbi dayvinqin nə olduğu adından məlumdur. İndustrial dayvinq sualtı texnki işlər, qaynaq və montaj, santexnik işlərini əhatə edir. Həvəskar dayvinqə isə sualtı gəzinti, arxeologiya, buna bənzər digər işlər daxildir.

- Misir turumuz çox gözəl keçdi,- deyir Rauf Zeynalov,- Uşaqlar dərinliyi də çox gözəl götürdülər, özlərini də çox yaxşı hiss edirdilər. Azad, Salman, Emin universal dayvinq kursunu keçiblər. 31 metr dərinliyə sərbəst girdilər. Gördükləri dəyişiklik haqqında mənə informasiya verdilər. Çünki 30 metrdən dərinə gedəndə, 4 atmosfer təzyiqdə onurğa beyində həll olan azot sərxoşluğa gətirib çıxara bilir. Uşaqların heç birində o, olmadı. Sonuncu gün isə gecə saatlarında suyun altına düşdük. Dərinlik 10,9 metr idi. Gecə suya dalma tamam başqa bir aləmdir. Çünki gündüz özlərini göstərməyən canlılar və yaxud bitkilər gecələr görünürlər.

Orada çox təhlükəli heyvanlar var. `Zebra balığı` adlı zəhərli balıqdılar gecələr üzürlər. Ən çox da fənərin işığına meyl göstərirlər. Yırtıcı balıqlardan triger balığı, barrakuda çox təhlükəlidir. Napoleon balığı çox böyük balıqdır. Özü həmişə dalğıclara yaxınlaşır, sığallanmağı xoşlayır. Uşaqlar üçün adiləşən köpək balığını isə hətta dişləmək istəyənlər də var. (gülür)

- Təhlükəli su heyvanları ilə rastlaşanda nə edirsiniz?

- Suyun altındakı ən təhlükəli canlı insandır. Ondan daha təhükəli canlını mən görmədim. Biz ilk kursumuzdan hamıya öyrədirik ki, hesab edin, siz qonaqsınız. Hansısa bir dostumuzun evinə gedəndə özümüzü necə aparırıqsa, suyun altında da elə aparmalıyıq. Heç nəyə əl dəymək olmaz. Orada o qədər balıq, molyuska var ki... Çox qəşəng görünürlər, adam istəyir ki, heç olmasa barmağını vursun. Amma ola bilsin ki, gözəl görünən həmin canlı həddindən artıq təhlükəlidir. Kubşəkilli meduza var, daha çox soyuq sularda yaşayır, zəhərindən müalicə yoxdur. `Daş balığı` deyilən bir balıq var ki, çox gözəl maskalanır, heç cür tapmaq olmur. Əgər bilməyərəkdən ona ayaq bassaq, elə bir zəhər verə bilər ki, ən yaxşı halda adamın ayağını kəsə bilərlər.

Mənim bir məşqçim var, Dmitriy Petroviç Siyanov, o deyirdi ki , “Özünəəminliyi əminliklə səhv salmaq olmaz”. Bu, çox gözəl sözdür. Bütün həyatım boyu o sözü qulağımda sirqa etmişəm. Çünki doğurdan da, bir var, özünə əminsən, bir də var, əminsən. `Əminsən` dedikdə, yəni öz ləvazimatlarına , sığortana, hava aparatına və s. əminsənsə, onda başqa. Amma bir də var ki, sən özünə əminsən ki, mən güclüyəm, qüvvətliyəm, harasa üzüb problemsiz çata bilərəm. Özünə əminliklə əminliyi səhv salmırsansa, bu, sənə sağlam idmanla məşğul olmaqda kömək edəcək.

- Həvəskar dayverlər üçün maksimal dərinlik nə qədərdir?

- 40 metr. Biz həvəskar, turistik, sərbəst və təhlükəsiz dayvinqlə məşğuluq. Suyun altını daha gözəl şəkildə, daha dolğun öyrənmək istəyirik.

- İsti və soyuq suyun canlılar aləmində fərq nədən ibarət olur?

- Misirdə birinci dəfə isti suda üzdüm. Azərbaycan su hövzələri nə qədər də olmasa, soyuq su sayılır. Qara, Aralıq dənizlərində olmuşam. Girdiyim ən soyuq su Sibirdə, Krosnayarsk şəhərində olub. Qırğızıstanda 3750 metr hündürlükdə göl var, orada da praktikamız olub.

İsti və soyuq su hövzələrinin istər fauna , istərsə də florasında fərq böyükdür. İsti sular təzə başlayanlar üçün maraqlıdır, çünki orada rəngli balıqlar, çox qəşəng canlılar var. Suyun təmizliyi, şəffaflığı o qədərdir ki, adam suya girir, çıxmaq isdəmir. Soyuq sularda isə əksinə, qaranlıqıdır, soyuqdur, görünüş, şəffaflıq azdır, rənglər yoxdur. Bütün bunlara baxmayaraq, mənim üçün soyuq sularda daha maraqlıdır. Çünki uşaqlıqdan maraqlıdır ki, görəsən, o qaranlıqda nə var? Ona görə, həmişə qaranlığa tərəf meyilli olmuşam.

- Olubmu ki, hava balonlarında hava müəyyən olunan vaxtdan tez qurtarsın?

- Hər şey hava balonlarının və ağciyərin həcmindən, suyun temperaturundan, dərinlikdən asılıdır. Orta hesabla 45-50 dəqiqəyə qədər sərbəst çatır. Amma baxır, hansı fiziki təzyiqin altında üzürsən. Suyun axını gücüldür-güclü deyil, bütün bunlar hamısı təsir edir.

Biz tələbələrimiz üçün stress-dayv təşkil etdik. Bu zaman onları suya dalandan çıxana qədər stressdə saxlayırıq. Sualtı gəzinti zamanı maskalarını qəfildən suyun altında çıxarırıq, kəmərlərini açırıq, jiletlərinə hava doldururuq, yaxud əksinə, havalarını boşaldırıq... Bütün bu hadisələrə dalğıcıları əvvəlcədən hazırlamışdıq ki, nə etmək lazımdır.

- Hazırda nə qədər tələbəriniz var?

- Təqribən 8 olar. Misirdən qayıtdığımız gündən zənglər gəlir, yeni tələbələrimiz var. Məqəsdimiz Azərbaycanda dayvinqin inkişafı və hündür dağlarda dalğıcıları hazırlamaqdır. Çünki klubumuz Alpinizm Federasiyanın nəzdindədir. Alpinizmdə də iş dağlardadır. Hündür dağlardakı göllər çox maraqlıdır, çox soyuqdur və texniki cəhətdən çox çətindir. Məqəsdimiz bu sferada dalğıcıları hazırlamaqdır.

- Azərbaycanın su hövzələrinədə qədimi əşyalara rast gəlmisinizmi?

- Bizə qədər hamısnı çıxartmağa çatdırıblar, bizə bir şey qalmayıb. Batmış səltənətimiz var, Bayıl qalası . O da çıxarılıb. Muzeylərdə diqqət yetirsəniz, suyun altından çıxarılan çoxlu tapıntılar var. Mən çox istərdim sualtı arxeologiya ilə məşğul olum. Ümid edirəm, mən də nəsə tapacağam. (gülür) Nargin adasının şimal hissəsi gəmi qəbirstanlığıdır. K eçən il orada üzdüyümüz zamanı suyun altında hələ saya bilmədiymiz gəmilər var idi . Çox gözəldir və maraqlıdır.

- Texniki vasitələr, hava balonlarınız istədyiniz səviyyəyə cavab verirmi ?

- Əlbəttə. Avropa Sualtı Federasiya Təşkilatı var. Onların hamısı o sertifikatdan, sistemdən keçirlər. Kostyum, balon, jilet bütün standartalara cavab verir. Cavab verməyən ləvazimatları biz təmirə göndəririk ya da sistemdən çıxardırıq.

- Təcrübə mübadiləsi olurmu?

-Delfin klubları dünayda şəbəkə kimi bir çox ökələrdə var. Həmin klublar və seksiyalarla münasibətdəyik, praktikamızı bölüşürük. Keçən il bizə gəlmişdilər, çünki Xəzərin dibi həmişə maraqlı olub.

- Növbəti səfəriniz hara olacaq?

- Yay aylarında müxtəlif göllərə, dənizə, sentyabr-oktyabr aylarında isə Malayziyaya, Borneo adasına ya da Taylanda gedəcəyik. Qış aylarında Murmanska buz dayvinqinə getmək istərdim.

Şahanə Rəhimli
AzVision.az


Fotolar: Nuran Məmmədov
Sualtı fotolar: Ruslan Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti