Naxçıvanda həkimlərin maaşı ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb

Naxçıvanda həkimlərin maaşı ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb
  17 Oktyabr 2023    Oxunub:1109
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsinin yeni təsdiq olunmuş Qaydaları tətbiq edilməyə başlanılıb.
Yeni qaydaların tətbiqinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin qarşılığı olan layiqli həyat səviyyəsinə uyğun əmək haqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsinə imkan yaratmaqdır.

Qaydalara əsasən səhiyyə işçilərinin əməyində iqtisadi səmərəliliyin təmin edilməsi və işin nəticələrinə maddi marağının gücləndirilməsi məqsədilə tibb müəssisələrində tibb və qeyri-tibb işçisinin xidməti fəaliyyətinin iqtisadi və kəmiyyət göstəricilərinə əsasən aylıq həvəsləndirici əlavələr verilib. Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanıb. Beləliklə, artıq səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşır. Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər. Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişır. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr ala bilirlər.
Əmək haqqının ödənilməsinin yeni Qaydalarına əsasən orta və kiçik tibb işçilərinin də əmək haqqında artım olmuş, rayon xəstəxanalarında və kənd ambulatoriyalarında çalışan tibb bacılarının da əmək haqqı yeni qaydalara əsasən artımla ödənilmişdir.
Qeyd edək ki, əmək haqqının hesablanmasına xəstəxanaların kateqoriyaları da təsir edir. Muxtar respublika üzrə Naxçıvan Muxtar Respublikası Xəstəxanası və Perinatal Mərkəz 3D kateqoriyasında müəyyənləşib, digər xəstəxanalar isə müvafiq olaraq 2C, 2D kategoriyasındadırlar.
AzVision.az



Teqlər:





Xəbər lenti