Tibb Universiteti "26 Ulusal Türkiyə Elektron Mikroskopiya Konqresində" təmsil olunub

Tibb Universiteti    "26 Ulusal Türkiyə Elektron Mikroskopiya Konqresində"    təmsil olunub
  03 Oktyabr 2023    Oxunub:2166
Azərbaycan Tibb Univesitetinin Sitologiya, embriologiya və histologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Aygün Əliyarbəyova qardaş Türkiyə Respublikasında Cümhuriyyət quruluşunun 100 illiyinə həsr olunmuş 26 Ulusal Türkiyə Elektron Mikroskopiya Konqresində (EMK 26) iştirak etmək üçün Türk Elektron Mikroskopiya Dərnəyindən dəvət alıb.
O, Eskişehir Texniki Universiteti, Eskişehir Osmanqazi Universiteti və Anadolu Universiteti tərəfindən təşkil olunmuş Eskişehirdə 20-23 sentyabr 2023-cü ildə keçirilən bu konqresdə (EMK 26) Azərbaycan Tibb Univesitetini uğurla təmsil edib.

Aygün Əliyarbəyovanın sözlərinə görə, 1971-ci ildə Prof. Dr. Türkan Erbenginin başçılığı ilə əsası qoyulan Türk Elektron Mikroskopiya Dərnəyinin təşkil etdiyi bu konqresdə 300-ə yaxın tezis qəbul olunsa da, 500-ə yaxın iştirakçı qeydiyyatdan keçib: “Konqres türk dilində desək, 4 plenar sunum, 90-a yaxın poster sunumu, 60 dəvətli konuşmacı, 150 sözlü sunum, 10-dan çox texnik sunum, 6 paralel oturum, 7 Mikroskopik kursu ilə iştirakçılarını xeyli məmnun edib. Tədbirdə həm Türkiyə, həm də digər ölkələrdən Mikroskopiya sahəsində sözünü demiş mütəxəssislər, tanınan alimlər iştirak ediblər.
Konqresin açılışı İstiqlal marşı ve sayqı duruşu ilə başlayıb və konqre başkanları Prof. Dr. Servet Turan və Prof. Dr. H. Mehtap Kutlunun Türk Elektron Mikroskopiya Dərnəyinin yaranması tarixi, fəaliyyəti, üzvlərindən bəhs edən, tədbirin təşkili və iştirakçıları haqqında məlumatlar əks etdirən açılış nitqi ilə davam edib. Daha sonra təşkilatçı universitet rektorlarının da salamlamasının ardından TÜBİTAK başkanı Prof. Dr Hasan Mandal Mikroskopik dünyanın kəşfində əldə olunan nailiyyət, müvəffəqiyyət və yenilikləri elektron mikroskopik araşdırmaçılar arasında paylaşılmasından, iş birliyinin əhəmiyyətindən bəhs etmişdir. Tədbirdə Almaniya Mikrostruktur Tədqiqatlar institutunun və Ernst Ruska Mərkəzinin (Forschungszentrum Jülich) direktoru Rafal E. Dunin Borkowski Transmission Elektron Mikroskopiya və korrelyativ eksperimentlərdə yeni cihaz və texniki alətlərin tətbiq olunmasının əhəmiyyətini xüsusi vurğuladı. Həmçinin Çexiya Elmlər Akademiyasının Molekulyar Genetika İnstitutunun əməkdaşı Pavel Hozak açılış nitqində nüvə fosfoinozitlərinin gen ekspresiyasında xüsusi rolu haqqında dinləyiciləri məlumatlandırdı. Sonrakı günlər müxtəlif paralel oturumlarda bir-birindən fərqli maraqlı mövzular üzrə məruzələr, təqdimatlar və poster sunumlarla davam etdi”.

Aygün Əliyarbəyova deyir ki, hazırda dünyaya meydan oxumuş COVID-19 pandemiyası dövründən ağciyər xəstəlikləri və onun patogenezində iştirak edən faktorlar həm ölkəmizdə, həm də kənarda aparılan elmi tədqiqat işlərində əsas istiqamət alaraq, daha qabarıq və dəqiqliklə öyrənilməkdədir.

Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru Aygün Əliyar qızı Əliyarbəyova 2021-ci ildən elmlər doktoru proqramı üzrə ATU-da dissertanturaya qəbul olaraq, “Makrofaq miqrasiyası inhibitor faktoru (MIF) təsirindən ağciyərlərin strukturunda və MİF ekspressiyasında baş verən dəyişikliklər” mövzusunda çalışır, əldə etdiyi məlumat və nəticələri bu konqresdə təqdim edərək, histoloq və morfoloqlar arasında bölüşüb. Belə ki, Aygün xanım toplantıda “Variation on eosinophils in lung under Macrophage migration inhibitory factor (MIF): experimental electron microscopic study” mövzusu üzrə məruzə ilə çıxış etmişdir. ATU əməkdaşı çıxış zamanı iştirakçıları makrofaq miqrasiyası inhibitor faktorunun bir sıra xəstəliklərin patogenezində olan rolu və təsiri haqqında məlumatlandırıb, onun ağciyərlərin struktur elementlərində törətdiyi morfoloji dəyişikliklərin nəticələrini təqdim etmişdir. Mövzunun aktuallığı çıxışa rəng qataraq onun dinləyicilər tərəfindən maraqla qarşılanmasına səbəb olmuş, sertifikatla ödüllənmişdir. Eyni zamanda, Aygün xanımın konqresdə “Ultrastructural characteristics of hemomicrocirculation network of the lung at influence of Macrophage migration inhibitory factor (MIF)" (experimental study) mövzusu üzrə təqdim etdiyi poster sunumu da fərqlənmiş, sertifikatla təltif olunmuşdur. Çox sevindirici haldır ki, tibb üzrə fəlsəfə doktoru Aygün Əliyarbəyova Eskişehir Texnik Universiteti, Yunusemre Kampusu, Fen Fakültəsi, Bioloji Bölümündə təşkil olunmuş Molekulyar Bioloji Texnikleri (Teorik), Uygulamali İmmunohistokimya Ve Patoloji Texnikleri (Uygulama) kursunda, həmçinin Anadolu Universiteti, Bitki İlaç ve Bilimsəl Araştırmalar, Uygulama ve Araştırma Mərkəzində Bioloji Numunələrin Hazırlanması Ve SEM‐TEM İle İncələnməsi adlı kursunda iştirak etmişdir. Hər iki kursu müvəffəqiyyətlə başa vurmuş, sertifikat əldə etmişdir.
Aygün xanıma uğurlar arzu edirik, kiçik addımlarla böyük uğurlara imza atmasını diləyirik.
AzVision.az

Qalereya




Teqlər: Tibb-Universiteti  





Xəbər lenti