Sentyabrın 13-də daha 25 ailə Ağalıya köçürüləcək

   Sentyabrın 13-də daha 25 ailə    Ağalıya köçürüləcək
  08 Sentyabr 2023    Oxunub:982
Sentyabrın 13-də daha 25 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək.
AzVision.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belə ki, növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Püşkatmada 25 ailə (123 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 9-u dördotaqlı, 6-ı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.

Püşkatmanın iştirakçıları doğma yurda qayıdışdan çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələr, qrafikə uyğun olaraq, sentyabrın 13-də Ağalı kəndinə yola salınacaqlar.


AzVision.az



Teqlər:





Xəbər lenti