Alnında deşik olan əsgər: Miller beynində güllə ilə 30 il necə yaşayıb?

     Alnında deşik olan əsgər:    Miller beynində güllə ilə 30 il necə yaşayıb?
  07 Sentyabr 2023    Oxunub:3645
Əgər insan alnından güllələnsə, sağ qalarmı? Əlbəttə ki, yox. Çünki güllə bədənin əksər nahiyələrinə tuş gələndə ölümcül olmaya bilər. Beyinə toxunsa, o, insanı yaşatmaz.
Amma tarix göstərir ki, həyatda hər şey mümkündür. Məsələn, alnından yaxın məsafədə güllə yarası almış Ceykob Miller adlı amerikalı əsgər yüz faizlik ölüm ehtimalını alt-üst edərək sağ qalıb.

O, ömrünün sonuna qədər, 30 il başında mərmi ilə yaşayıb. Məşhur amerikalı alnında dəhşətli görünən dəliyin necə meydana gəlməsini jurnalistlərə danışıb.

Belə ki, Miller Amerikada Vətəndaş Müharibəsi zamanı (4 avqust 1840 - 13 yanvar 1917-red.) 9-cu İndiana piyada rotasınında sıravi əsgər kimi xidmət edib. O, 19 sentyabr 1863-cü ildə baş vermişi Çikamoqe döyüşündə Brok Field yaxınlığında başından ağır yaralanıb. Güllə 23 yaşlı Millerin kəllə sümüyünü dələrək beynindən bir neçə millimetr aralıda ilişib qalıb. O, bu ağır döyüşdə iştirakına və aldığı yaraya görə o Respublikanın Böyük Ordusu medalı ilə təltif edilib.

Onun bu həyat hekayəsi təkcə amerikalılar üçün deyil, bütün dünya üçün heyrətamiz olub. Millerin məlum döyüş haqqında xatirələri ilk dəfə 1911-ci ildə "The Joliet Daily News"da dərc edilib.

“Özümə gələndən bir müddət sonra konfederantların arxasında olduğumu gördüm. Əsir düşməmək üçün cəbhə xəttindən yan keçib öz tərəfimizə qayıtmağa cəhd etdim. Silahımı əsa kimi istifadə edərək, ayağa qalxdım. Əvvəlcə döyüş meydanından bir qədər aralı süründüm, sonra isə cəbhəyə paralel hərəkət etməyə başladım. O qədər qan içində idim ki, qarşıma çıxanlar yanki olduğumun fərqinə varmadılar. Geri qayıdandan sonra mayorumuzla görüşəndə o da ​​məni tanımırdı", - alnı dəlikli əsgər ləqəbli Miller xatırlayıb.

O həmçinin qeyd edib ki, "doqquz ay alnındakı ağır yaradan əziyyət çəkib. Bundan sonra evə- Loqansporta icazə ala bildım. Cərrahlar Fiç və Kolman mənim yaramı əməliyyat etdilər. Onlar müşket (Tüfəng-red.) mərmisininin bir hissəsini çıxardılar. Əməliyyatdan bir neçə gün sonra Medisondakı xəstəxanaya qayıtdım və xidmət müddətim bitənə qədər, yəni 1864-cü il sentyabrın 17-nə kimi orada qaldım. Mən yaralanandan on yeddi il sonra yaramdan xırda metal, otuz bir ildən sonra isə iki ədəd qurğuşun düşdü".
Tural Tağıyev
AzVision.az



Teqlər: Güllə   Amerikalə   Yara  





Xəbər lenti