Laçındakı “Mişni” “Alxaslı” Su Elektrik Stansiyalarının əhəmiyyəti

Laçındakı  “Mişni”  və  “Alxaslı”  Su Elektrik Stansiyalarının əhəmiyyəti
  06 Sentyabr 2023    Oxunub:1692
Bu gün Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Ali baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri 44 günlük Vətən Müharibəsində bərqərar etdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr - 9 noyabr) ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı.

Ölkə başçısının siyasi meydandakı uğurlu addımlarının nəticəsidir ki, Ermənistan Kapitulyasiya aktına qol çəkməyə məcbur oldu, beləliklə Ağdam, Kəlbəcər və Laçın rayonları müharibəsiz boşaldıldı.

01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.

Laçın 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa vadar etdi və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi. Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxış edərək demişdir: “Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır.
Tarixi torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən digər rayonlar kimi Laçın rayonunu da viran etmişdir. Lakin işğal altından azad edilən başqa ərazilərimiz kimi burada da dərhal yenidənqurma işlərinə başlanılmışdır. Dövlət başçısı Laçın rayonunun işğaldan azad olunmuş kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalamış və öz çıxışında demişdir: "İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək". İndi Laçında yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır, beynəlxalq hava limanı tikilir. Əlbəttə ki, bütün bu işlər Cənab Prezidentin daim diqqət mərkəzindədir.

Silsilə səfərlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü ilin iyirmi beş avqust tarixində yenidən Laçın rayonuna səfər ediblər. Səfər zamanı ölkə başçısı və birinci xanım Mişni və Alxaslı Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etmişlər.
Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Ağbulaq” Su Elektrik Stansiyasında artıq son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb. “Mişni” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 7,2 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün 25 meqavoltamper gücündə 110/10 kV-luq yarımstansiya tikilib, 18 kilometr uzunluğunda 110 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Bu yarımstansiya “Mişni” stansiyası ilə yanaşı, “Alxaslı” stansiyasında istehsal edilən elektrik enerjisinin ölkə enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Mişni” Kiçik Su Elektrik Stansiyasında il ərzində 23 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

“Alxaslı” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 4,3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün “Mişni” Su Elektrik Stansiyasında tikilmiş 110/10 kV-luq yarımstansiyaya 8 kilometr uzunluğunda 10 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Alxaslı” Su Elektrik Stansiyasında il ərzində 17 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

Müzəffər Ali Baş Komandanın istənilən sahədəki diqqət və qayğısı heç kimə sirr deyil. Regiondakı yenidənqurma işləri sürətlə davam edir. Açılan stansiyalarla yanaşı yeni stansiyaların qurulması regiondakı enerji tələbatının ödənilməsi məqsədi daşıyır. Hazırda Ağbulaq SES-də son tamamlanma işləri gedir. Bütün bu işlərin davamı olaraq qeyd etmək lazımdır ki, 2024-cü ilə qədər daha 9 ədəd SES mövcud olacaq.

Onu da qeyd edək ki, “Mişni” və Alxaslı” KSES-lərə qədər Laçın rayonunda “Azərenerji” tərəfindən 2021-ci ilin fevralında “Güləbird” SES yenidən qurularaq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakıyla açılışı olub. 2023-cü ilin may ayında isə 110/35/10 kV-luq “Qorçu” Yarımstansiyası və “Laçın” şəhər Qovşaq Yarımstansiyası Prezident İlham Əliyevin iştirakıyla istismara verilib.

Heç şübhəsiz bu tikililərin əhəmiyyəti yalnız enerji istehsalı ilə məhdudlaşmır. Sosial-iqtisadi məsələlərdə daim diqqət mərkəzində saxlanılır. Bu layihələrdə digərləri kimi yerli əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan analoji addımların davamıdır. Belə ki, stansiyalarda daimi iş yerləri ilə təmin edilmiş 197 nəfərin 170-ni Qarabağ və Şərqi Zəngəzur regionundan olan əhali təşkil edir. Yaradılmış bütün elektroenergetika obyektlərində çalışan işçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün mühəndis-yataqxana kompleksləri yaradılıb. Yerli sakinlərin işlə təminatına paralel olaraq peşə hazırlığı kursları da təşkil edilir.

Soydaşlarımız uzun illər doğma yurdlarının həsrəti ilə yaşasalarda, dövlətimiz heç vaxt onları öz diqqətindən kənarda qoymayıb. Bu diqqətin əsasını UlU Öndər Heydər Əliyev qoymuş, prezident İlham Əliyev isə layiqincə davam etdirir. Onların təhsili, mədəni inkişafı və sağlamlıq məsələləri birinci xanım Mehriban Əliyevanın daim diqqətində olmuşdur.
Günü-gündən abadlaşan doğma torpaqlarımız Müzəffər Ali Baş Komandanımız və Rəşadətli ordumuzun əsəridir. Uca tanrı Ali Baş Komandanımızı və ordumuzu qorusun.

Roza İsmayılova
Azərbaycan Dillər Universiteti müəllim


AzVision.az



Teqlər: Azerenerji   Stansiya  





Xəbər lenti